Azərbaycan Turizm İnstitutunun 221 tələbəsi məzun adını qazanıb

İyulun 10-da Azərbaycan Turizm İnstitutunda beşinci məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirildi. Mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, nazirliyin məsul şəxsləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, hotel və turizm sənayesi müəssisələrinin rəhbərlərinin iştirak etdiyi mərasim Dövlət himninin oxunması ilə başladı.

Tədbirdə çıxış edən ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov əlamətdar gün münasibətilə məzunları təbrik etdi: “Həyatımızda elə günlər var ki, onu yenidən yaşamaq-yaşatmaq insana xoş gəlir. Bugünkü növbəti məzun törəni həyəcan və sevincin qovuşduğu günlərdən biridir”.
Bu gün ölkəmizdə, digər sahələr kimi, turizm sahəsinin də uğurla inkişaf etdiyini deyən rektor bu inkişafın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı: “Ulu öndərin qeyri-neft sektorunun ölkə iqtisadiyyatında rolunun artırılması strategiyası Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Turizmə olan diqqət və qayğı qəbul edilmiş qərarlarda, dövlətin inkişaf proqramlarında, son illərdə bu sahədə görülmüş konkret işlərdə öz əksini tapıb. Nəticələr də özünü göstərməkdədir”.
Rektor qeyd etdi ki, turizm sənayesinin inkişaf etdirilməsi, bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı ödəmək məqsədilə 8 il öncə Azərbaycan Turizm İnstitutu yaradılıb. Bu illər ərzində ATİ bir sıra uğurlara imza atıb: «Qabaqcıl universitetlərin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən ATİ elmi-pedaqoji ictimaiyyətlə yanaşı, Azərbaycan dövlətinin və xalqımızın da etimadını qazana bilib. Başlıca məqsədi dünyanın nüfuzlu ali təhsil ocaqları sırasında qərarlaşmaq olan ATİ bu müddət ərzində qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə bir çox yenilikləri həyata keçirib”.
Ötən 8 il ərzində ATİ-nin müxtəlif qurumlarla, ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əlaqələri genişlənib, bir sıra struktur dəyişiklikləri həyata keçirilib. 2006-cı ildə 200 tələbə, bir fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlayan ATİ hazırda 3 fakültə, 10 kafedra, 11 bakalavr ixtisasında 1463 tələbə ilə kadr hazırlığını həyata keçirir. 2010/2011-ci tədris ilindən ATİ-də magistratura pilləsi fəaliyyətə başlayıb və hazırda 15 ixtisas üzrə 138 nəfər magistr var. Eyni zamanda 55 nəfər doktorantura proqramı üzrə oxuyur, 27 nəfər isə ATİ-də ikinci ali təhsil alır. 2011-ci ildən ATİ nəzdində yaradılan Bakı Turizm Peşə Məktəbində 12 peşə üzrə 460 şagird təhsil alır. Növbəti tədris ilində ATİ-yə bakalavr üzrə 410, magistratura proqramı üzrə isə 55 nəfərin qəbulu nəzərdə tutulub.
ATİ-nin beynəlxalq standartlara cavab verən ali məktəb kimi tanınması üçün sistemli iş aparılır. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanan müqaviləyə əsasən ölkədə ilk və yeganə ikili diplom proqramı uğurla davam etdirilir. Hazırda proqramda 100-dən çox bakalavr, 40-dan çox magistr təhsil alır. İndiyədək 72 nəfər bakalavr bu proqramın məzunudur.
Builki məzun buraxılışı barədə məlumat verən rektor bildirdi ki, institutu 200 nəfər bakalavr, 21 nəfər isə magistr pilləsi üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. Məzunlardan 21 nəfər ATİ-nin diplomu ilə yanaşı, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb.

Rektor çıxışına məzunlara müraciətlə yekun vurdu: «ATİ məzunlarının işlədiyi müəssisələrdən xoş soraqlar eşidirik. Bu bizi sevindirir. Sizlərə də ölkəmizin gələcəyi üçün müasir, bilikli mütəxəssis, layiqli vətəndaş olmağı arzu edirik! Gəlin bilik və səylərimizi birləşdirib daha yüksək uğurlar əldə edək. O zaman cəmiyyətə daha savadlı, daha yararlı vətəndaş ola bilərik. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz hər zaman istək və məqsədlərinizə açıq olsun».
Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru xanım Eva Verner məzunları təbrik edərək bildirdi ki, bir neçə il əvvəl beynəlxalq proqram üzrə məzun olan gənclər indi peşəkar turizm işçiləridir. Onun sözlərinə görə, bu proqrama tələbələrin marağı ildən-ilə artır: “Əminəm ki, bacarıqlı və peşəkar mütəxəssislər kimi yetişən ATİ məzunları Azərbaycanın turizm sənayesinə öz töhfələrini verəcəklər”.
Sonra məzunlara diplomlar təqdim olundu. 2013/2014-cü tədris ili məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər verildi. 2013-2014-cü tədris ili üzrə institut birincisinə ATİ-nin «Tələbə fəxri kitabı» təqdim edildi.
Tədbir konsert proqramı ilə başa çatdı.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar