Kənd təsərrüfatı işçiləri peşə bayramını bol məhsulla qeyd edirlər

 

Azərbaycanda kənd təsərrüfatının, xüsusilə əkinçilik mədəniyyətinin qədim tarixi və ənənələri var. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla 1 noyabr – kənd təsərrüfatı işçiləri üçün peşə bayramı gününün təsis olunması, bu sahənin inkişafına diqqətin təzahürü olmaqla yanaşı, həmçinin tarixi ənənələrin yaşadılması deməkdir.

Sevindirici haldır ki, xalqımızın uzun illər boyu əkib-becərdiyi torpağa, onun nemətlərinə şükranlıq duyğusu ilə qeyd etdiyi məhsul bayramı ənənələri də davam etdirilir. Bölgələrdəki bu qəbildən tədbirlərdən biri Balakən rayonunda 2017-ci ildən keçirilən Xurma festivalıdır. Oktyabrın 29-da Balakən növbəti Xurma festivalına ev sahibliyi edib.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və “Balxurma” MMC-nin dəstəyi, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Festivalda təşkilatçı dövlət qurumlarının nümayəndələri, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları, rayon sakinləri iştirak ediblər.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın açılış mərasimində rayonun icra başçısı İslam Rzayev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov çıxış ediblər.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar.

Xurma bağına ekskursiya keçirilib, xurma ağacları əkilib.

Festival parkın ərazisindəki meydanda konsert proqramı ilə davam edib.