Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə görkəmli alim və pedaqoq, tanınmış şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynovanın yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mahirə Nağı qızı Hüseynovanın elmi-bədii yaradıcılığını əks etdirən kitablarla tanış olublar.
Aparıcı Mahirə Nağı qızı Hüseynovanın çoxyönlü elmi-pedaqoji və bədii yaradıcılığı, geniş ictimai fəaliyyəti barədə məlumat verib. Alimin ömür yolunu əks etdirən videosüjet nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mahirə Nağıqızının ömür yoluna nəzər salaraq onun qadın hərəkatında, uzun illərdən bəri qaçqın taleyi yaşayan soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı təşkilatlanmasında təşəbbüskar və səmərəli fəaliyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, dilçi-türkoloq alim, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.
Mahirə xanımın incə ruhlu, yüksək amallı şeirlər müəllifi olduğunu xatırladan deputat qeyd edib ki, onun poetik yaradıcılığında Vətən sevgisi, təbiət, məhəbbət və insanın ruhi-mənəvi dünyası aparıcı mövzulardır: “O, Vətən torpağının hər qarışını sevgi ilə tərənnüm edir. Mahirə xanımın yaradıcılığında Qarabağın 30 il müddətində işğal altında olduğu dövrdə elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Artıq Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu tarixi Zəfər Mahirə xanımın yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır".
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli filoloq alimin ana dili və ədəbiyyatımızın aktual mövzularında məhsuldar araşdırmalarından, Qərbi Azərbaycanın mədəni irsinin qorunub yaşadılmasında fəal iştirakından, elmi kadrlar hazırlığında fəaliyyətindən söz açıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin yetirməsi olan Mahirə Hüseynovanın sevimli müəllimi, unudulmaz dilçi professor, şair və ictimai xadim Həsən Mirzənin elm, sənət və məslək yolunu uğurla davam etdirdiyini qeyd edib. Bildirib ki, orta məktəbdə müəllimlik fəaliyyətini sonrakı illərdə doğma universitetdə davam etdirən filoloq namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, Dilçilik kafedrasında müdir, Filologiya fakültəsində dekan işləyib, hazırda prorektordur: "Mahirə xanımın həm incə ruhlu şair olması, həm alimliyi, həm də ki, gözəl pedaqoq olması özünü təşkilatçılıq sahəsində də göstərir. Mahirə xanım həm də yenilikçi bir insandır. 44 günlük Vətən Müharibəsindəki qələbədən sonra onun təşəbbüsü ilə universitetimizdə Zəfər gününə və şəhidlərimizin xatirəsinə həsr olunmuş stendlər yaradılıb. Bu stendlər tədbirlər zamanı gələn qonaqların ziyarət etdiyi yerə çevrilib. Onun təşəbbüsü ilə Filologiya fakültəsində "Meh" ədəbi dərnəyi yaranıb və burada universitetin istedadlı tələbələri gözəl işlər görürlər".
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov Mahirə Nağı qızı Hüseynovanın milli dilçilik elminə verdiyi töhfələrdən, onun poetik dünyasında Ana, Ana dili və Ana Vətən anlayışlarının məfkürəvi təcəssümündən danışıb.
Digər çıxış edənlər bildiriblər ki, Mahirə xanım bu gün elmi fəaliyyəti ilə bərabər, ölkənin ictimai həyatında da fəal iştirak edir. Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.
Çıxış edənlər onu da vurğulayıblar ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor Mahirə Hüseynova 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.
Qeyd edək ki, Mahirə Nağıqızı imzası ilə tanınan şair Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şeirinə musiqi bəstələnib.
Sonda çıxış edən Mahirə Nağıqızı təşkil olunmuş gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, elmi, pedaqoji fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib: “Bu axşam çox qürurluyam, eyni zamanda, həyəcanlıyam. Bu gün sözə, elmə verilən belə dəyər məni daha məhsuldar çalışmağa ruhlandırdı. Qərbi Azərbaycan İcmasının üzvü olaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərimizə qayıtmaq uğrunda mübarizədə daha fəal iştirak edəcəyəm. Bundan sonra da gələcəyə böyük inamla yazıb-yaradacaq, tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Belə bir tarixi missiyaya xidmət etmək böyük şərəfdir".
Gecədə şairin şeirləri Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, bədii qiraətçi, şair Xəzər Süleymanlı və başqaları tərəfindən səsləndirilib.
Mahirə xanımın sözlərinə bəstələnmiş mahnıları Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Cabir Abdullayev, BMM-nin solisti Almaxanım Əhmədli, Leyla Rəhimova və başqaları ifa edərək mərasimə əlavə rəng qatıblar.
Aynurə Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı