Bu suala əvvəl qəşş elədi, sonra bir neçə saniyəlik susdu. Sanki gözlərini zillədiyi nöqtədə nəyisə və ya kimisə axtardı. Sonra uşaq kimi sevinərək “Birdən soruşdun, fikirləşim, axırda deyərəm” cavabı ilə söhbətə özü ayaq verdi.

Əməkdar artist, bəstəkar Vüqar Camalzadəni çoxdan tanıyıram. Sözsüz ki, çox-çox əvvəl maraqlı layihələri, bəstələri, qulağayatımlı ladları ilə çağdaş mahnı janrımızda öz yeri var. Kimisə və hansısa üslubu, yol-izi təqlid etməyib, amma öz üslubunu təsdiq edə bilib. Çoxsaylı mahnıları ilə yanaşı, tamaşa və filmlərə də musiqi yazıb. Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiridir.

Yubileyinin hesabat konsertinə, özünün də dediyi kimi, yolayrıcında yenidən özü və tamaşaçıları ilə görüşə hazırlaşır. Noyabrın 28-də Heydər Əliyev Sarayında Vüqar Camalzadənin mahnılarından ibarət “Ulduzlu gecə” adlı konsert olacaq.

 

– Xoş gəldin 50, deyək?

– Deyək, özü də elə deyək ki, bundan sonra bir 50 də olsun. Amma bu dəfə çox qəşəng olsun (gülür).

 

– Bəstəkarların qəşəng ömür anlayışı, yəqin ki, həm də çoxlu musiqi əsərləridir?

– Təbii ki, o da yaxşıdır. Amma can ağrımayanda hər şey lap yaxşı olur. Bəstəkarların işinin əsas məziyyəti oturaq həyat tərzi keçirməsidir. Məsələn, indi konsertimlə əlaqədar gün ərzində 12-14 saat oturub, əsərlərin orkestrləşməsini edirəm. Konsertdə Niyazi adına simfonik orkestr, estrada heyəti ifaçıları müşayiət edəcəklər. Zaman da az qalıb, fasiləsiz işləyirəm. Oturursan, düşünürsən, yazırsan və bir də görürsən ki, saatlar uçur. O zaman ayılırsan ki, belin ağrıyır. Bu mənada deyirəm, can sağlam, ağrı-acısız olsun, peşənin verdiyi dərdlərsiz gəlsin növbəti illər.

 

– Bu, zaman itkisi təəssüratına keçsə, adam lap pis azarlayar.

– Şükür, bu, məndə heç vaxt zaman itkisi təəssüratı yaratmayıb. O barədə düşünməmişəm. İlk simfoniyamı yazanda 24 yaşım vardı. 6 aya bəstələdim, 3 aya da orkestrləşməsini etdim. 42 dəqiqəlik simfoniyanın orkestr dili, işi çox çətin idi. O vaxt da hələ kompüterdə deyil, əl ilə yazırdıq. Həmin üç ayda gündə cəmi bir-iki saat yatırdım. Heç o yaşımda da siz deyəni hiss etmədim. Yəni musiqi mənim üçün hər zaman böyük işdir.

 

– Sözsüz. Həm də insan qazanmaq üçün əvvəl qurban verməyi öyrənir.

– Heç biz də qarğa kimi 300 il yaşamırıq (gülür). Ömür qısadır. Deməli, o zaman üzərimizə düşən missiyanı eləməliyik. Bu sənətin də işi, doğrudan da, çox ağırdır. Nəticədə tamaşaçı gəlir konsertə və oturub, məsələn, birsaatlıq əyləncə üçün dinləyir. Xoşuna gəlir, yaxud gəlmir, hər halda, əl çalıb gedir. Amma buna qədər çox ağır, dediyim və demədiyim proseslər var. İstənilən yaradıcı məhsul ona sərf olunan zamana, ömrə, enerjiyə görə qiymətləndirilməlidir. İndi o ayrı söhbətdir ki, Allah birinə az, başqasına çox istedad verir. Amma hər kəs zəhmət çəkir, axı. Bizə aid məsələ peşəkarlıqdır ki, bu da insanın özündən asılıdır və yuxarıda dediyim məqam məsələyə peşəkar yanaşmanın bir qoludur.

 

– Peşəkarlıq səviyyəsini insan özü müəyyənləşdirir?

– İstedad vergi, peşəkarlıq  fəaliyyətdir.

 

– Sizi ilk peşənizdən bəstəkarlığa gətirən də bu idi?

– Təbii. Azərbaycan Dövlət Neft Akademiyasını – indiki Neft və Sənaye Universitetini – bitirdim. 5 yaşımdan musiqi yazırdım, məktəbinə getmişdim. Amma neft sənayesi üzrə təhsil aldım. O sahədə işləyə bilərdim. Musiqini də özüm üçün məşğuliyyətə çevirə bilərdim. Amma yox, bu işin peşəkarı olmalıyam deyə 6 il də konservatoriyada oxudum.

 

– Mahnı janrına gəlməyinizin də bir ayrı səbəbi var. Bilirəm ki, konservatoriyada İsmayıl Hacıbəyovun kursunu bitirmisiniz. İrihəcmli musiqi əsərləri yazmaq kimi istəyiniz əvvəldən olub. Amma tale elə gətirdi ki...

– Bəli, mahnı janrını kommersiya tərəfinə görə seçdim. Bəstəkarı yaşadan, onun maddi rifahını yaxşılaşdıran məqam böyük nisbətdə mahnılarının satılmasıdır. Düzdür, səhnə, kino musiqisi də kommersiya xarakteri daşıyır, yəni bəstəkar onun müqabilində də qonorar alır. Amma mahnıda bu bir az başqadır. Sən tez-tez sifariş alırsan və onun qiymətləndirilməsi də hansısa meyara görə yox, sifarişə görə dəyişir. İstənilən halda sən nə qədər peşəkar, istedadlı olsan da, qazanmalısan, ailə-uşaq saxlamalısan. Baxın, başqa yerdən qazancım olsaydı, daha irihəcmli, fəlsəfi düşüncələrə söykənən musiqi əsərləri yazardım. Amma çətin də olsa, öz daxili tələbatımı bir kənara qoyub gənc ikən itirdiyim valideynlərimin əvəzinə özümdən kiçik bacı-qardaşıma baxmalıydım. Məcburiyyətdən də olsa bu işi görməyə başladım.

 

– Amma məcburiyyət dediyiniz sizə xeyli populyarlıq qazandırdı...

– Çünki o işi də sevərək, özü də ən yüksək səviyyədə görməyə çalışdım. Heç vaxt heç bir mahnıma barmaqarası, sırf kommersiya maraqlı iş kimi baxmadım. Elə olurdu ki, ayda 2-3 mahnı satırdım. Bu da yaxşı təminat demək idi və bu sayədə  müəyyən məişət qayğılarımı həll elədim. Amma indi bu işləri azaltmışam, demək olar ki, saxlamışam.

 

– Tələbat azaldı, yoxsa pula ehtiyac?

(Gülür) Heç biri. Sadəcə, müəyyən yaşımdan və mərhələdən sonra düşüncələrim yerini dəyişdi. Məsələnin əsas mahiyyəti budur ki, zövqlər pis mənada dəyişdi və hətta populyar müğənnilərimiz də qazanclarını artırmaq üçün başladılar daha ucuz, səviyyəcə aşağı mahnıları ifa etməyə. Sözsüz ki, özünə, peşəsinə hörmət edən bəstəkar belə şeylərə getməz. Ona görə ünvanlar da dəyişdi.

 

– Bu mənada 2000-ci illəri mahnı janrının populyar dövrü saymaq olar?

– Sözsüz, 80-ci illərdən sonrakı durğunluğa inad dediyim illərdə çox gözəl nümunələr yaradan bəstəkar nəsli meydana çıxdı və yaxşı, zövqlü ifaçılar yetişdi. İndiyədək o mahnılar da, ifaçılar da populyardır. Sonra başqa bir pis, nə bilim, bəlkə də labüd tendensiya yarandı: hamı özü yazıb, özü oxumağa başladı. Sözün açığı, bir az tələbat da azaldı. Bəzən gəlib elə melodiyalar, ya da elə sözlərə musiqi istəyirlər ki, düşünürsən mən hara düşmüşəm və ya biz niyə belə olduq. Axı, bizim zəngin mahnı bəstəkarlığı məktəbimiz və ona adekvat dinləyicimiz vardı.

 

– Bu, təkcə bizdə belədir, yoxsa dünyanın qulağı “paslanıb”?

– Dediyiniz kimi, elə hər yerdə eyni problemdir. İnsanların ruh halı, həyat tərzi, dünyaya baxışı dəyişib. Elə qlobal deformasiya baş verib ki, bu nəhəng məsələ qarşısında musiqi zövqü və ya zövqsüzlüyü çox cüzi görünür.

 

– İnanmıram ki, nə vaxtsa yüksək qonorar müqabilində o “diringələr”dən siz də yazmamısınız.

– Sözün açığı bir-iki dəfə olub və inanın, indi o mahnıların altındakı imzamı gözüyumulu götürə bilərəm. Düzdür, vicdanım rahatdır, xalturadan qaçmışam. Amma özünü buna vadar kimi ağır hissdən sonra anladım ki, daha eləmərəm.

 

– Vüqar müəllim, süni intellekt, yəni müvafiq proqramlar artıq mahnılar da yazır. Bunun qarşısında bir neçə aya başa gələn bəstəkar mahnısı necə tablaşa bilər? Sizcə bu, pisdir, yoxsa?...

– Niyə, bu, çox yaxşıdır...

 

– Onda da hərə özü özünün bəstəkarı olacaq ki...

– Bu, istedadsızların qənimi, istedadlı tənbəllərin isə yaxşı mənada məşqçisidir. Siz deyən proqramın funksiyası indiyədək bazasına yığılan informasiyaların ən yaxşısını seçib ortaya gətirməkdir. Yəni o bundan artıq heç nəyi bacarmır. Olmuş şeyin ən yaxşısını seçə bilir. Ümumən min il keçsə də, texnologiya qat-qat inkişaf etsə də, insan yaradıcılığına heç nə çata bilməz.

 

– Bayaq zövqümüz korşalıb dedik. Burada təkcə dinləyici günahkar deyil, axı. Zövqsüzlüyün də ciddi təbliğatı gedib.

– Qlobal proseslər artıb, say çoxalıb, keyfiyyət aşağı düşüb və maddi məsələlər mənəvi məqamları istər-istəməz üstələyib. Müəyyən kateqoriyalaşmalar baş verib və mən buna elə də pis baxmıram.

 

– Deməli, siz də o düşüncədəsiniz ki, yüksək musiqi heç də hər dinləyici üçün deyil.

– İstəməsək də belədir və musiqi də artıq kateqoriyalaşıb. Bunun təbəqələşməyə aidiyyəti yoxdur. Kütləvi musiqinin daha minimalistik formaları meydana gəlib və bunu inkar edə bilmirik. Onu da deyim ki, musiqi nə qədər fəlsəfiləşib, nə qədər dramaturji baxımdan yüklənsə, tamaşaçısı bir o qədər az olacaq.

 

– Belə çıxır ki, yaxşı musiqinin dinləyicisinin az olması həm də yaxşı mənada təsəllidir. Məsələn, elə bəstəkar var əsərini heç 300 nəfər dinləməyib.

– Eləsi var, heç 10 nəfər qulaq asmayıb. Amma bu faciə deyil. Digər tərəfdən, bir dərin fəlsəfi məzmunlu musiqi əsərini dinləmək və anlamaq üçün heç də hər kəs özünü məcbur hiss etməməlidir. Bəstəkar bir əsəri, həcmindən asılı olmayaraq, öz daxili tələbatını ödəmək üçün yazır. Onu kiminsə duyub dinləməməyi başqa bir məqamdır. Bir də həqiqi sənət, gec də olsa, öz dəyərini alır.

 

– Yaxşı dinləyici zövqü, melodik yaddaş uşaqlıqdan formalaşır. Milli bəstəkarlıq məktəbimizin nəhəngləri zaman-zaman uşaqlar üçün də əsərlər yazıblar. Amma nədənsə indi çoxları buna “uşaq işi” kimi baxırlar...

– Uşaq ilə iş çox ciddi məsələdir və səmimiyyət istəyir. O, ya bəyənir, ya da inkar edir. Ona görə də uşaq musiqisi ilə məşğul olmaq üçün onları hiss etmək və dünyasına girib, hisslərini nota çevirməlisən. Uşaqla “ləl-lə-lə” ilə danışmaq, onu yola vermək, bir gözəl əşya, oyuncaq kimi yanaşmaq özlüyündə ona edilən ən böyük pislikdir. Konkret mənim 300-ə yaxın uşaq musiqim, mahnım var. Bu işlə 2014-cü ildən məşğulam. Uşaq və kukla tamaşaları üçün musiqi yazdım. Sonra sağ olsunlar, Kukla teatrının direktoru Rəşad Əhmədzadə məni bu teatra dəvət etdi və artıq 10 ilə yaxındır ki, burada musiqi hissə müdiriyəm. Bir vaxtlar dövlət televiziyasında “7 – 17” layihəsində idim. Özümün də 17-18 yaşım vardı. Uşaq və yeniyetmələrlə işləməyi o zamandan öyrəndim. 

 

– Bir ara müzikl yazırdınız. Sonra dayandınız. Yubiley konsertində bu kimi sürpriz də olacaq?

– Müzikl yazmağı, ümumən musiqi ilə bağlı gözəl, yeni nə varsa sevirəm və özümü sınamaqdan yorulmuram. Konsertə qədər səbirli olaq və əvvəldə dediyiniz suala cavab kimi ikinci 50-ni “aşırmaq” yolunda gedək. Qalanı bir not düzümü kimidir. Çətini fortepiano arxasına keçincədir (gülür).

Söhbətləşdi: Həmidə Nizamiqızı