Amma o, həmişə ya məşqdədir, ya tamaşada, ya çəkilişdə, ya da dərsdə. Bəli-bəli. Özü belə dedi. Üstəlik, onu da əlavə elədi ki, “Sənət adamının canında nə qədər sağlamlıq varsa, o, səhnəyə çıxmalıdır...”.

Oktyabrın 30-da Heydər Əliyev Sarayında tanınmış aktyor, Xalq artisti, professor, “Şöhrət” ordenli İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi. Buna yubiley mərasiminə bir-biri üçün darıxanların görüş gecəsi də demək olardı. Sənətkarla onu sevənlər üz-üzə dayanmışdılar. Sevgi, alqış, bol gülüş... Hər iki tərəf məmnun idi...

Gecədə yubilyarın həyat və yaradıcılığından, aktyorluq və pedaqoji fəaliyyətindən ətraflı söz açıldı. Özü də özünün aparıcı-ifaçı, əsl ev sahibi qonaqpərvərliyi ilə.

Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar da göstərildi. Səhnədə qurulan böyük monitorda nümayiş olunan obrazlar qalereyasından seçmələrin, foto və videokadrların müşayiətində özü də zalı saf, düşündürücü gülüşə qərq etdi. Yaşına inad çevikliklə onu təbrikə gələnlərə qoşulub o ki var oynadı, oxudu, danışdı.

Təbrikə gələnlər demişkən, Xalq artistləri Azər Zeynalov, Mübariz Tağıyev, Əməkdar artistlər Gülüstan Əliyeva, Sənubər İsgəndərli, Nərgiz Kərimova, Ramil Qasımov, müğənni Nərmin Kərimbəyova və başqaları müxtəlif obrazlara bürünərək sənətkarla eyni səhnəni bölüşüb, musiqili təbriklərini çatdırdılar.

Aktyorun zaman-zaman çalışdığı Akademik Opera və Balet, Akademik Milli Dram teatrlarından təbriklər, eləcə də sənət dostu və qardaşı Xalq artisti Cəfər Namiq Kamalla məşhur duet-səhnəciyi həmişəki kimi coşqu ilə qarşılandı.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Xalq artisti Hacı İsmayılov 60 illik sənət yoldaşını təbrik etdi, onun müxtəlif teatrların səhnəsində, televiziya tamaşalarında yaratdığı biri-birindən maraqlı rollarla tamaşaçı məhəbbəti qazandığını vurğuladı. Yubilyara ATXİ-nin “Teatr xadimi” medalını təqdim etdi.

İlham Namiq Kamalın çalışdığı Akademik Musiqili Teatrın təbrik çələngində musiqili komediyalardan parçalar vardı: əvvəl tələbəsi, indi isə tərəf-müqabili olmuş həmkarları onunla bir səhnəni bölüşdülər.

Səhnədə onun üçün ayrılan xudmanı guşədə qərar tutmayan, tez-tez zala – tamaşaçıların yanına düşən yubilyara baxdıqca onun illər əvvəl bir müsahibəsində dediyi “Mən Allahın qismətinə inanan adamam. Qismətdən artıq yemək olmaz. Qismətindən artıq yemək istəyənlərə də əhəmiyyət vermirəm. Bəzən görürsən ki, həyatda hər şeyi əldə etmiş biri sağlamlığı və həyatı hesabına daha nələri isə əldə etməyə can atır. Belə sənət  adamlarını anlaya bilmirəm. Axı heç kim bu dünyada əbədi deyil, bu dünyadan heç nə apara bilməyəcək. Mən heç vaxt, heç nəyə can atmamışam. Sadəcə olaraq, başımı aşağı salıb, sənətimlə məşğul olmuşam. Səhnədə və ekranda mənə tapşırılan obrazı ürəklə, peşəkarlıqla canlandırmağa çalışmışam. Xalqın sevgisi, ad-san və şöhrət özü gəlib məni tapıb. Buna görə mən həmişə sənətimə yüksək dəyər verən xalqıma və dövlətimə minnətdaram” fikirləri düşdü.

Məncə, yubiley gecəsi bu anlamda həm də onun benefisi sayıla bilər. Düzdür, səhnədə  və səhnədə qurulmuş böyük ekranda onunla zaman-zaman tərəf-müqabili olmuş aktyorlar, az qala əzbər bildiyimiz teletamaşa və filmlərdən ani kadrlar, eləcə də dolğun yubiley proqramı tərtib olunmuşdu. Amma bütün bu qələbəliyin içində bir də o, təkliyə çəkilmiş və tamaşaçıları ilə ürək söhbəti edirdi. Yaradıcılıq yolundan məmnun azadəliklə.

Yubileyi münasibətilə qəzetimizə verdiyi müsahibəsində zarafatla “Mən niyə obrazların həsrətini çəkməliyəm, qoy rollar mənim həsrətimi çəksinlər” deyən və ömrü boyu sənətə əxlaqla xidmət prinsipini rəhbər tutan aktyorun uğur formulu, necə deyərlər,  seçilməsinin bir sirri həm də bundadır.

Gecənin sonunda final monoloqunu söyləyib, ardınca “Mən aktyoram” mahnısını ifa etməsi isə bir anlamda İlham Namiq Kamalın onu sevən və səhnədə görmək istəyən tamaşaçılarla növbəti görüşə – 80-də hesabata qədər sağollaşması idi...

Həmidə