Gəncə Dövlət Kukla Teatrı 21–25 oktyabr tarixlərində keçirilən II Almatı Beynəlxalq Kukla Teatrları Festivalında çıxış edib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə səfərə gedən kollektiv Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında hazırlanmış eyniadlı pantomim tamaşanı göstərib.

Tamaşa festivalın xüsusi diplomuna layiq görülüb. Səhnə əsərinin quruluş müəllifi və musiqi tərtibatçısı Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli, xoreoqrafı Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir.

Almatıdan qayıdan Gəncə kuklaçıları Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol proqramı çərçivəsində noyabrın 1-də Lənkərana gediblər. Burada teatrın repertuarından K.Çukovskinin “Milçək-vizilçək” kukla tamaşası nümayiş olunub.

Balaca tamaşaçıların marağına səbəb olan tamaşanın quruluşçu rejissoru Zülfiyyə Əliyeva, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir. Personajları Elmar Vəliyev, Nahidə Namazova, Zülfiyyə Əliyeva, Nərmin Şərifova və Yeganə Məmmədova canlandırıb.