Oktyabrın 29-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında unudulmaz bəstəkar Cahangir Cahangirovun (1921–1992)anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim olunub. Teatrın instrumental ansamblının (bədii rəhbər Mirxalid Salayev) müşayiəti ilə solistlər bəstəkarın unudulmaz mahnılarını ifa ediblər.
Musiqi axşamında əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söz açılıb. Bildirilib ki, bu il dahi şair Füzulinin 530 illiyi qeyd edilir və bəstəkarın “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.
Proqramda Xalq artistləri Gülyanaq Məmmədova “Alagöz”, Gülyaz Məmmədova “Bakı”, Heydər Anatollu “Yenilməz batalyon” filmindən mahnı, Aynur İsgəndərli “Gecələr”, Rövşən Qəhrəmanov “Ay qız”, eləcə də Fəxri Kazım Nicat və Ayşən Mehdiyeva bəstəkarın dillər əzbəri digər mahnılarını oxuyublar. Ansamblın ifasında bəstəkarın instrumental əsərləri də səslənib.
Konsertin sonunda Xalq artisti Ağacəbrayıl Abasəliyev çıxış edərək ansambl üzvləri və ifaçılara təşəkkür edib.
Cahangir Cahangirovun qızı Səidə Məhərrəmova atasının xatirəsinə göstərilən ehtirama görə teatrın kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, müxtəlif janrlarda musiqi əsərləri yazan Cahangir Cahangirov 1949-cu ildə Azərbaycan Radiosunun nəzdində yaradılan xora rəhbərlik edib, 15 ildən artıq bu kollektivlə işləyib. Mahnılarının çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. O, həmçinin Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
L.Azəri