Bülbülün xatirəsinə həsr olunmuş konsertlər
Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xalqın mədəni sərvəti” layihəsinin növbəti mərhələsi Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsinə həsr olunub.
Layihə çərçivəsində Əməkdar artistlər Ramil Qasımovun rəhbərlik etdiyi “Bülbül Vokal Məktəbi”nin tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Xanəndə qızın mahnısı, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun “Vətənimdir”, “Gözlə məni”, Asəf Zeynallının “Ölkəm”, “Sual” romansları, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, Azərbaycan xalq mahnıları “Bağçada güllər”, “Səndən mənə yar olmaz” və italyan musiqiləri səsləndirilib.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu çıxış edərək layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
“Xalqın mədəni sərvəti” layihəsinin bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə reallaşıb.
Konsert proqramında Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyaları, Xanəndə qızın mahnısı, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm” romansları, Cakomo Puççininin “Toska”, “Bohema”, “Edqar” operalarından ariyaları səsləndiriblər.
İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa və Nigar Hüseynzadə müşayiət ediblər.