Noyabrın 7-də Milli Kitabxanada 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Kitabxananın direktoru Kərim Tahirov 2020-ci ilin Vətən müharibəsi və Zəfər Gününün tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova diqqətə çatdırıb ki, rayonun ərazisində noyabr ayının 1-dən etibarən “Zəfər həftəsi” elan olunub, müəssisə, təşkilat və idarələrdə mədəni-kütləvi tədbirlər, idman yarışları və s. təşkil olunur, şəhid ailələri və qazilərlə görüşlər keçirilir. Səbail rayonundan Vətən müharibəsində 16 nəfərin şəhid olduğunu deyən K.Həşimova şəhidlərin adlarını əbədiləşdirmək üçün məktəblərdə sinif otaqlarının, xatirə lövhələrinin açıldığını bildirib.
Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü şanlı tariximizdir!” adlı elektron məlumat bazasının təqdimatı olub.
Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/Zefer_gunu/index.html
Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli Zəfər Gününə həsr etdiyi şeirini səsləndirib.
Sonda iştirakçılar “Zəfər Günün mübarək, Azərbaycan!” adlı kitab sərgisi ilə tanış olublar.