Çimərlik mövsümünün qızmar çağıdır

Yayın “qorabişirən” çağında paytaxt sakinlərinin sərinləmək və istirahət etmək üçün üz tutduqları əsas məkan dənizdir. Yay istirahətini xaricdə, yaxud ölkəmizin səfalı regionlarında keçirməyə imkanı, vaxtı olmayanlar Xəzərin sahilində dincəlməyə çalışırlar. Eyni zamanda aylarla dəniz mövsümünün intizarında olanları həmişə bu sual düşündürür: hansı çimərliklər istirahət üçün daha münasibdir?

Çimərliklərin vəziyyəti, göstərilən xidmətlər

Sahilboyu Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Hövsan və Şıx kimi ərazilərdə xeyli çimərlik fəaliyyət göstərir.
Bu çimərliklərə həm ödənişlə, həm də ödənişsiz daxil olmaq mümkündür. Ödənişsiz çimərliklərdə vəziyyət o qədər də ürəkaçan deyil. Eyni zamanda istirahətə gələnlərin özləri ilə gətirdikləri ərzaq məhsullarının tullantılarını da burada qoyub getməsi vəziyyəti bir qədər də qəlizləşdirir. Buna baxmayaraq, burada istirahət edənlər az deyil. Kimisi ailəsi ilə bərabər manqal qurub kabab bişirir, samovar çayı hazırlayır, dənizin kefini çıxarır, kimisi də çimərlik kənarında yerləşən yeməkxanalara müraciət edir.
Novxanı, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan və Şıx zonasında son illər xeyli yeni çimərlik açılıb. Burada istirahət ödənişli olduğundan suyun və ətraf ərazinin təmizliyi yaxşı vəziyyətdədir. Üstəlik bu çimərliklərdə dincəlməyə yaxşı şərait də var. İstirahətə gələnlərə masa, stul, çətir, bilyard, skuter, duş, paltardəyişmə otağı, çardaq, uşaq meydançası, tennis kortu və s. təklif olunur. Əksər yerlərdə bu xidmətlər girişdə ödənilən pula daxildir. Eyni zamanda skuter, kottec, maşınlara park xidməti və başqa bu kimi xidmətlər üçün əlavə pul ödəmək lazımdır. Ümumilikdə götürdükdə çimərliklərdə yemək və içkilərin qiymətləri hər kəsin cibinə uyğun deyil.

Dənizin təmizliyi diqqət mərkəzindədir

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərində 17 modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizin Azərbaycana məxsus sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır. Modul qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, ötən dövrlə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. 2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərliklərdə keçirilən monitorinq zamanı dəniz suyunda vəziyyətin normalaşması müşahidə olunub.
Buna baxmayaraq, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində çirklənmənin səviyyəsi normadan yüksək olaraq qalır. Həmin ərazilərin əksəriyyətində “Burada çimmək təhlükəlidir!” yazısı olan məlumatverici lövhələr qoyulsa da, insanlar buna əhəmiyyət vermədən dənizə baş vururlar.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar