Ümumi sahə 35,4 hektara çatdırılıb

 

Prezident İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi parkın üçüncü hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verilib.

Mərkəzi parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

Bildirilib ki, növbəti mərhələdə parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Süni göl və ətrafında söhbətgahlar yaradılıb.

İstirahət parkında müasir işıqlandırma sistemi qurulub. Ərazidə XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir hamamı” kimi tanınan tarixi-memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri, parklanma yerləri yaradılıb və digər işlər görülüb.

Mərkəzi parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn məscidinin mənzərəsi tam olaraq açılıb. Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.