Gözün aydın, Azərbaycan, bu gün fərəhli günündür! Otuzillik arzularının, arzularımızın çin olduğu əziz gündür. Gözün aydın Azərbaycan, bu gün qürur günündür! Kimin kim olduğunu, kimliyini bütün dünyaya sübut etdiyin gündür. Şuşanın, Kəlbəcərin, Füzulinin, Ağdamın, Xankəndinin, Xocalının, Zəngilanın, Qubadlının, Cəbrayılın, Ağdərənin , Xocavəndin, Laçının azadlığa qovuşduğu gündür. Azərbaycan tarixinin Zəfər çaldığı gündür. Gözün aydın Azərbaycan, bu gün cəngavərliyini, məğrurluğunu, qəhrəmanlığını bir daha bütün dünyaya sübut etdiyin gündür! Haqqın, həqiqətin sınmayaraq hər zaman öndə getdiyini bir daha bütün dünyaya sübut etdiyin gündür.
Gözün aydın şanlı Azərbaycan Əsgəri, bayrağını, torpaqlarının müqəddəsliyini bütün canınla, qanınla qoruyub saxlamaq üçün sinəni düşmən gülləsinin qarşısında sipər edərək məğrurluqla Qələbə çaldığın gündür!
Kaş ki, qanadım olaydı. Tanıdım, tanımadım, yorulmadan, durmadan uçardım o yerlərin hamısına - doymadan baxa-baxa, havasını uda-uda. Uça biləydim azad olan bütün torpaqlarında.
Əhsən sənə, məğrur Vətən, əhsən sizə, mərd oğullar! Torpaq müqəddəsliyinin nə olduğunu düşmənə anlatdılar bir daha. Vətən torpağını gözbəbəkləri kimi qorumaq üçün mətin, əzmli Vətən oğullarının nələrə qadir olduğunu heç nədən çəkinmədən, qorxmadan düşmənə göstərməyi bacardılar.
Cəngavərlərimiz öz qəhrəmanlıqları ilə bir daha düşmənə bildirdilər ki, dədələrimizin, babalarımızın bizə əmanət qoyub getdikləri Vətən torpağı bizim tariximizdir, ənənələrimizdir, azadlığımızdır - ora yağı tapdağında qala bilməz. Vətənin ər oğulları Azərbaycanın yeni şan-şərəf tarixini yazdılar. Bu tarix tək Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ən unudulmaz şanlı bir tarix oldu. İllər, əsrlər keçsə belə, Azərbaycanımızın bu şanlı tarixi daim nəsillərdən nəsillərə ötürülən qəhrəmanlıq salnaməsi olacaq...
Vətən – hər bir insanın üzərində yaşadığı bütöv bir məkandır. Vətən bir torpaq parçasdır. Bizim vətənimiz isə elə bir torpaq parçasıdır ki, onun müqəddəsliyini heç nə ilə əvəz etmək olmaz. Çünki bu torpaqlar şəhidlərin qanı ilə suvarılıb. Doğma torpaqlarımızın azadlığı naminə insanlarımız canından, qanıdan keçərək şəhidlik kimi ən uca zirvəyə ucalıblar. Vətən torpağını dədə-babalarımızın bizə ən qiymətli əmanəti kimi daim onun dəyərini ucalardan uca tutublar...
Analar dünyaya oğul gətirir, ona laylalar çalaraq, “Tez böyü, əsgər ol" deyirlər. Oğullar bu ruhda böyüyür və Vətən dara düşəndə “öncə Vətən” deyərək heç gözlərini belə qırpmadan silaha sarılaraq Vətənin müdafiəsinə qalxırlar. Ana isə “Vətəninə xəyanət etsən, südümü sənə halal etmərəm!” deyərək övladlarını Vətənin müdafiəsinə göndərirlər. Övladlarını itirən analar “Təki Vətən yaşasın!” deyərək övladlarının şəhid adları ilə qürurlandılar.
Hər bir soydaşımız Qələbə müjdəli bu günə inandı. Səbirsizliklə gözlədikləri bu günü indi böyük təntənə ilə qarşılayırlar.
Gözün aydın, şanlı Vətən! Gözləriniz aydın Vətənimizin dar günlərinin sadiq keşikçiləri olan Azərbaycan əsgərləri! Sizlərin isti-soyuq bilmədən, gecəni gündüzə qataraq düşmənin amansızlıqları ilə üz-üzə duraraq bizi əsir Vətən torpaqlarına qovuşdurdunuz. Özü də "Qarabağ mənəm, sənsən, bizik" deyərək. Canınızdan, qanınızdan - hər şeydən keçdiniz, amma Vətəndən keçmədiniz.
Uşaqlıqdan qanınıza hopan qəhrəmanlıqla bağlı laylalarınızdan aldığınız güc, qüvvət tək sizə yox, bütöv Azərbaycanımıza şərəf gətirdi. Bütöv Azərbaycanımıza heç vaxt silinməyəcək şanlı tarix yazdınız. Elə bir tarix ki, kökü uzun illər, əsrlər öyrənilərək daim bir örnək kimi qalacaq.
Gözünüz aydın olsun, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərimizin müdrik anaları! Qəhrəman övladlarınız hər bir azərbaycanlıya Zəfər qüruru yaşatdı.
Gözünüz aydın olsun, otuzillik həsrəti bitən ana-atamız, bacı-qardaşlarımız! Artıq hamınız azad el-obanıza qovuşacaqsınız. Yenidən qurulan yurdlarınız sizləri gözləyir. Doğma Vətən torpağı yenə sizləri öz isti qucağına alacaq. Həsrətlə Vətən torpağınızın çiçəklərdə, yovşanda, kəklikotunda... axtardığınız qoxusunu indi öz doğma yurdunuzda doya-doya içinizə çəkəcəksiniz.
Prezidentimiz, Ali Baş Komandanımız düşməni xar edərək öz müdrikliyi ilə xalqın qürur yerinə çevrildi. Xalqın bu Qələbə tarixini yazan sərkərdə oldu.
Gözümüz aydın Azərbaycan Azad edilən hər qarış torpaq Azərbaycanımızın böyük uğurudur, haqqın haqsızlıq üzərində qələbəsidir. Qürur yerimiz olan Ordumuz bu gün ən müqəddəs atributumuz, qanımızın rəngini qatdığımız Azərbaycan Bayrağını bütün azad torpaqlarda dalğalandırır. Bu bayraqlar azadlıqdan, müstəqillikdən, dövlət və millət kimi varlığımızdan danışaraq Azərbaycan adlı bir məmləkətin əzəmətini, dönməzliyini, vüqarını bütün dünyaya nümayiş etdirir.
Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin baş biblioqrafı