Kral VI Məhəmməd: Yaşıl Yürüş nəslinin verdiyi fədakarlıq bizi daha səfərbər olmağa ruhlandırır

 

Mərakeşin tərəfdaşlıq münasibətləri və hüquqi öhdəlikləri heç vaxt onun ərazi bütövlüyü və ya milli suverenliyi bahasına olmayacaq.

Mərakeş Kralı VI Məhəmməd bunu ölkənin Sahara bölgəsi üzərində suverenliyini elan etdiyi Yaşıl Yürüşün 49-cu ildönümü (6 noyabr) münasibətilə xalqa müraciətində vurğulayıb.

Mərakeşin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Kral VI Məhəmməd müraciətində Yaşıl Yürüşün tarixi əhəmiyyətindən bəhs edib.

“Bu dinc yürüş bizə Mərakeş Saharasını bərpa etməyə imkan verdi, həmçinin bölgənin sakinləri ilə vətənləri arasında bağı gücləndirdi. O vaxtdan bəri Mərakeş bu bölgədə qanuna, legitimliyə, öhdəliklərə və məsuliyyətə əsaslanan geri dönməz reallığı müəyyən edə bilib”, – deyə müraciətdə bildirilir.

Müraciətdə Mərakeş Saharasında mövcud olan tərəqqi, təhlükəsizlik və sabitliyə diqqət çəkilir, həmçinin Saharanın Mərakeş ərazisi kimi beynəlxalq səviyyədə tanınması və muxtariyyət təşəbbüsünə verilən geniş dəstək vurğulanır.

Eyni zamanda qeyd olunur ki, bu təbii, qanuni vəziyyətə paralel olaraq, təəssüf ki, reallıqdan açıq şəkildə ayrılmış başqa bir dünya var: “Hələ də keçmişin illüziyaları ilə qidalanan və köhnəlmiş nəzəriyyə və iddialardan yapışan dünya. Birləşmiş Millətlər Təşkilatı tərəfindən həmin variantdan (Saharanın müstəqilliyi ideyası – red.) imtina edilməsinə və həyata keçirilməsinin qeyri-mümkün olmasına baxmayaraq, referendum tələb edənlər də var; eyni zamanda, həmin mövqenin tərəfdarları Tinduf düşərgələrində saxlanılan, girov kimi istifadə edərək, acınacaqlı, alçaldıcı şəraitdə saxlayaraq, ən elementar hüquqlardan məhrum edilən insanların siyahıya alınmasına icazə verməkdən imtina edirlər”.

Müraciətdə bildirilir ki, Atlantik okeanına çıxışı təmin etmək üçün Sahara problemindən istifadə edənlər də var: “Onlara belə deyirəm: Mərakeş tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində sahil ölkələrinin Atlantik okeanına çıxışını asanlaşdırmaq üçün beynəlxalq təşəbbüs təklif edib. Məqsəd regiondakı bütün xalqların rifahı naminə birgə tərəqqiyə nail olmaqdır”.

Diqqəti öz daxili problemlərindən yayındırmaq üçün Sahara problemindən istifadə edənlərin, eləcə də dar siyasi məqsədlərə xidmət etmək üçün müəyyən hüquqi aspektləri manipulyasiya etməyə çalışanların olduğunu deyən Mərakeş Kralı ölkəsinin ərazi bütövlüyü və milli suverenliyindən heç bir halda güzəştə gedilməyəcəyini bildirib.

“Ərazi bütövlüyümüz məsələsinin təkamülünün indiki mərhələsində biz hamımızın birgə səylərini davam etdirməliyik. Bu baxımdan mən, xüsusən də Mərakeş icmamızın xaricdə nümayiş etdirdiyi vətənpərvərlik hissini, millətin müqəddəs, danılmaz dəyərlərini müdafiə etmək öhdəliyini, eləcə də ölkəmizin inkişafına verdiyi töhfəni təqdir etmək istəyirəm”, – deyə müraciətdə qeyd olunur.

Kral VI Məhəmməd xaricdəki Mərakeş diasporunun fəaliyyətini daha da gücləndirmək üçün yeni mexanizmlərə ehtiyac olduğunu qeyd edib və yeni yaradılan “Xaricdə Yaşayan Mərakeşlilər üçün Məhəmmədiyyə Fondu” adlı dövlət qurumunun bu məqsədə xidmət edəcəyini vurğulayıb.

O, xaricdəki mərakeşliləri öz vətənlərinə daha çox sərmayə qoymağa və Vətənlə bağları gücləndirməyə çağırıb: “Yaşıl Yürüş nəslinin verdiyi fədakarlıqlar bizi daha çox səfərbər olmağa ruhlandırır və sövq edir”.

***

Qeyd edək ki, Qərbi Sahara Afrikanın şimal-qərbində ərazidir. Şimalda Mərakeşlə, şimal-şərqdə Əlcəzairlə, şərqdə və cənubda Mavritaniya ilə həmsərhəd olan ərazi (266 min kv km) XIX əsrdə Afrikanın müstəmləkələrə bölünməsi zamanı İspaniyanın nəzarətinə keçib. 1956-cı ildə Mərakeş müstəqillik əldə etdikdən sonra Qərbi Sahara üzərində suverenliyini irəli sürüb. Bununla belə, İspaniya 1975-ci ilədək ərazini öz əyaləti kimi faktiki idarə edib.

6 noyabr 1975-ci ildə Mərakeşin (o vaxt ölkənin başçısı indiki Kral VI Məhəmmədin atası Kral II Həsən olub – red.) bütün bölgələrindən 350 min insanın Qərbi Saharaya dinc yürüşü – "Yaşıl Yürüş" aksiyası təşkil edilib. Bundan sonra, İspaniya öz administrasiyasını geri götürüb və Madrid razılaşması imzalanıb.

Qərbi Saharanın Mərakeşin suverenliyi altına keçməsini qəbul etməyən qonşu Əlcəzairin dəstəyi ilə 1976-cı ildə bölgədə Mərakeş qoşunlarına qarşı partizan müharibəsi aparan “Polisario Cəbhəsi” Qərbi Saharanı müstəqil dövlət elan edib. Bölgə uzun müddət mübahisəli ərazi olaraq qalıb. BMT-nin müvafiq qətnamələri də ortaq bir nəticəyə gətirməyib.

2007-ci ildə Mərakeş Qərbi Saharaya muxtariyyət təklif edib və bu təklif tədricən beynəlxalq dəstək (o cümlədən BMT-də) qazanmağa başlayıb. 2021-ci ildə 20-dən çox ölkə (əksəriyyəti Afrika ölkələri) El-Ayyun (Laayoune) şəhərində konsulluq açaraq Qərbi Sahara üzərində Mərakeşin suverenliyini tanıyıb.

***

Onu da əlavə edək ki, 2024-cü il oktyabrın 31-də BMT Təhlükəsizlik Şurası Mərakeşin suverenliyinə və onun muxtariyyət planına Sahara məsələsinə real həll kimi dəstəyini bir daha təsdiqləyən 2756 saylı qətnamə qəbul edib.

BMT bununla muxtariyyət planını yeganə məqbul həll yolu kimi möhkəmləndirir və Əlcəzair də daxil olmaqla tərəfləri BMT-nin rəhbərliyi altında siyasi prosesdə konstruktiv şəkildə iştirak etməyə çağırır. Təhlükəsizlik Şurası, Mərakeşin muxtariyyət təşəbbüsünü əsas qəbul etməklə, Sahara üzərində ölkənin suverenliyini dəstəkləyən beynəlxalq tendensiyanı tanıyır.

Son illərdə Mərakeşin muxtariyyət planına artan dəstək Əlcəzairin mövqeyinin getdikcə köhnəlmiş olduğunu nümayiş etdirir. Mərakeşin kompromis və realizmə əsaslanan vizyonu sabitliyi dəyərləndirən İordaniya, Birləşmiş Ərəb Əmirliklər, eləcə də bir sıra Afrika və Latın Amerikası ölkələri kimi dövlətlərin dəstəyini qazanıb. Sözügedən qətnamə ilə bağlı Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda o da diqqətə çatdırılır ki, Fransa, ABŞ, Böyük Britaniya və Azərbaycan kimi ölkələr də bu yanaşmanı dəstəkləyərək, Mərakeşin muxtariyyət planının milli birlik və suverenlik dəyərlərinə hörmət etdiyini tanıyıblar. 

Vüqar Orxan