Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Vətən müharibəsində Qələbənin 4-cü ildönümünə həsr olunmuş “8 Noyabr - Zəfər tariximizin inciləri” adlı tədbir keçirilib.
Universitetdən bildirilib ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov 44 günlük müharibədə qazanılan tarixi Qələbədən söz açıb. Bildirib ki, bu Qələbə dövlətimizin başçısının siyasətini, qətiyyətini nümayiş etdirməklə yanaşı, çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoyub. Müzəffər Ordumuz Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirib.
Rektor vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. ATMU-nun rəhbəri şəhidlərimizin xatirəsi qarşısında baş əydiyini vurğulayıb.
Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar İskəndərov çıxışlarında noyabrın 8-ni qürur günümüz kimi tarixə yazan qəhrəman övladlarımıza əbədi təşəkkür borcumuzun olduğunu bildiriblər.
Sonra tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı Qarabağ müharibələrinin tarixi və Zəfər Gününə aparan proseslər haqqında geniş məlumat veriblər.
Tədbirdə şəhidlərimiz haqqında və Zəfər tariximizi əks etdirən videoçarxlar nümayiş olunub.