Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyev bunu noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.

“COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun”, – deyə İlham Əliyev əlavə edib.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan 120 ölkənin dəstəyi ilə BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik (2019-2023-cü illər) edib.

Dövlətimizin başçısı vurğulayıb ki, təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana 2024-cü ildə COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu: “Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.