Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Turizm İnstitutu sıx əlaqələr qurmaq qərarına gəlib. İyulun 16-da əməkdaşlığın təməli qoyulub.
Toplantıda çıxış edən institutun rektoru, professor Cəfər Cəfərov əməkdaşlığın hər iki tərəfə böyük fayda və təcrübə qazandıracağını deyib. Qeyd olunub ki, bu əməkdaşlıq həmçinin ölkənin turizm sektorunun inkişafına töhfə verə bilər. Qurulan münasibətlər ölkənin MİCE (biznes turizmi) sektorunda ixtisaslı mütəxəssislərə olan ehtiyacın ödənilməsinə, bu sahədə peşəkar kadrların hazırlanmasına imkan verəcək.
Əldə olunan razılığa əsasən, Azərbaycan Konqreslər Bürosunun əməkdaşları müntəzəm olaraq Turizm İnstitutunda seminar və mühazirələr təşkil edəcək. Büronun gələcəkdə institutun tədris sahəsində daha geniş şəkildə cəlb olunması planlaşdırılır. Eyni zamanda ATİ-nin müəllim heyəti büronun işçi qrupunun iclaslarında müşahidəçi kimi iştirak edəcək ki, bu da onlara ölkənin və eləcə də dünyanın MİCE bazarında olan yenilik və tendensiyalar barədə daha çox məlumat əldə etməyə imkan verəcək.
Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılıb. Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizin MİCE turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərdə iştirak və s. biznes əhəmiyyətli işlər daxildir.
Fəxriyyə Abdullayeva