15 noyabr Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yarandığı gündür. 1983-cü ilin bu günü Kipr adasının türk əhalisi özgürlük mücadiləsinin davamı olaraq cümhuriyyətini elan edib. Təəssüf ki, ötən onilliklərdə beynəlxalq münasibətlərdəki ikili standartlar üzündən haqsız izolyasiya şəraitində yaşayan Şimali Kiprin müstəqilliyi Türkiyədən başqa bir dövlət tərəfindən hələ tanınmayıb. Türkiyə (ovaxtkı Osmanlı) dövləti isə hələ XV əsrdən Kiprdə türk varlığının qarantı olmuşdu...
Kipr adası (ərazisi 9,3 min kv. km.) dörd əsrdən çox – 1878-ci ilə qədər Osmanlı imperatorluğunun tərkibində olub. 1877–1878-ci illərin Balkan savaşında Rusiyaya məğlub olan Osmanlı İngiltərəni özünə müttəfiq etmək məqsədilə Kipri ona müvəqqəti idarəçiliyə verir. Əslində, bu, Kipr üzərində Osmanlı-türk idarəçiliyinin sonu idi.
Birinci Dünya müharibəsində Osmanlı Almaniyanın tərəfində ingilislərə qarşı savaşa girir və müharibədə məğlub olaraq Kipri birdəfəlik itirir. 1923-cü ildə Türkiyə Lozanna anlaşması ilə adanı Britaniyanın müstəmləkəsi olaraq qəbul edir. Bu dövrdən başlayaraq Kiprdə türk əhalisinə qarşı təqiblər artır. 1929-cu ildə adadakı yunan çoxluğu ingilis idarəçiliyinə qarşı çıxışlara və Kiprin Yunanıstana birləşdirilməsi (enosis) uğrunda mübarizəyə başlayır. Bu çıxışlar İkinci Dünya müharibəsindən sonra da davam edir və Britaniya 1959-cu ildə Kiprə müstəqillik vermək qərarına gəlir. Londonda Britaniya, Türkiyə və Yunanıstan tərəfindən imzalanan anlaşmaya görə, Kipr adasında müstəqil dövlətin yaradılması qərara alınır.
1960-cı ildə adanın yunan və türk icmalarının iştirakı ilə Kipr Respublikası yaranır. İngilislər adanı tamamilə tərk etmirlər, Kiprdə onların iki hərbi dəniz bazası saxlanılır.
Kipr Respublikası iki icmanın konfederativ əsasda bir araya gəlməsi ilə qurulmuşdu, ölkənin prezidenti yunan (Makarios), vitse-prezident isə türk icmasının lideri (Fazıl Küçük) idi. 10 nazirdən ibarət hökumətdə türklərin 3, 50 nəfərlik parlamentdə 15 yeri vardı.
Lakin yunan bölümündə “enosis” ideyası qalmaqda idi və 1963-cü ilin dekabrında yunan tərəfin Kipr Respublikasının konstitusiyasını dəyişdirmək və türk bölümünün hakimiyyətdəki haqlarını mənimsəmək cəhdi ilə vahid dövlətin mövcudluğuna son qoyulur. 1964-cü ilin əvvəlində türklər və yunanlar arasında silahlı münaqişə başlanır.
Bu vəziyyət 10 il sürür. 1974-cü ildə Yunanıstanda hərbi çevriliş baş verir və hakimiyyətə gələn “qara polkovniklər” diktaturası iyulun 15-də Kipr adasının bütünlüklə Yunanıstana birləşdirildiyini elan edir. Türklərə qarşı yeni qətliam başlanır.
Nəhayət, iyulun 20-də Türkiyə dövləti Kiprdəki türk əhalisini qırğınlardan qorumaq üçün adaya hərbi kontingent yeritməli olur. Adanın ikiyə bölünməsi başa çatır. 1975-ci ildə adanın türk bölümündə Kipr Türk Federativ Cümhuriyyəti, 1983-cü il noyabrın 15-də isə ŞKTC elan edilir. Kipr türklərinin öndəri Rauf Denktaş prezident seçilir və 22 il ŞKTC-yə rəhbərlik edir...
Ötən müddətdə Kipri yenidən yunanlarla türklərin birgə yaşadığı vahid dövlət halına gətirmək üçün səylər olsa da, yunan tərəfin qeyri-konstruktivliyi üzündən bu, baş tutmayıb. 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın vasitəçiliyi ilə anlaşma mümkün görünürdü. Lakin yunanlar referendumda “Annan planı”nı rədd etdi. Buna rəğmən beynəlxalq müstəvidəki ədalətsizlik bir daha özünü göstərdi və adanın yunan bölümü (Kipr Respublikası adı ilə) təktərəfli qaydada Avropa Birliyinə qəbul edildi. Türklərin “Annan planı”nı qəbul etməsinə baxmayaraq, Şimali Kipr beynəlxalq izolyasiyada qaldı və özgürlük haqqı tanınmadı.
Bununla belə, ŞKTC mövcud şəraitdə və Türkiyənin dəstəyi ilə inkişaf etməkdədir. Son illərdə isə Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində Kipr türklərinə dəstək özünü göstərir. Əlamətdar haldır ki, bu müstəvidə Azərbaycan da fəal rolunu nümayiş etdirir.
Məlum olduğu kimi, 2022-ci il noyabrın 11-də TDT-nin Səmərqənddə (Özbəkistan) keçirilən zirvə toplantısında ŞKTC təşkilata müşahidəçi üzv qəbul edilib. Bundan sonra ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev ŞKTC lideri Ersin Tatarı ölkəmizə dəvət etdi. 2023-cü ilin oktyabrında bu səfər əsnasında Bakıda Şimali Kipr günləri də təşkil edildi.
2024-cü ilin iyun ayında ŞKTC Prezidenti Azərbaycanın dəvəti ilə TDT-nin Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşünə qatıldı. “Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq” – Ersin Tatar Azərbaycan rəhbərinə təşəkkürünü ifadə edərək belə demişdi.
Bu günlərdə, 6 noyabrda isə ŞKTC lideri TDT-nin Bişkekdə keçirilən zirvə görüşündə iştirak edib. Ersin Tatar çıxışı zamanı türk dövlətlərini ŞKTC-ni tanımağa və TDT-yə tamhüquqlu üzv qəbul etməyə çağırıb.
Cümhuriyyətinin 41 yaşını qeyd edən Şimali Kipr türkləri haqlı olaraq bu yolda dəstəyi öz qardaşlarından gözləyir. Bu xüsusda rəsmi Bakının mövqeyi isə bəllidir. “Azərbaycan olaraq biz Şimali Kipr Türk Cümhuriyyətinin TDT-də tamhüquqlu üzvə çevrilməsini dəstəkləyirik. Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının bir parçasıdır” – Azərbaycan rəhbəri bu il iyunun 6-da TÜRKPA-nın Bakıdakı iclasına qatılan nümayəndə heyətləri ilə görüşdə belə deyib.
İndi qalır Türkiyə və Azərbaycanla bərabər digər TDT üzvlərinin də səy birliyi ilə bunu gerçəkləşdirmək...
Vüqar Orxan