Xəbər verdiyimiz kimi, ABŞ-də yaşayan azərbaycanlı pianoçu, musiqişünas, professor Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti (National Music & Global Culture Society) tərəfindən təşkil olunan ənənəvi beynəlxalq bəstəkarlıq müsabiqəsi bu il dördüncü dəfə keçirilib.

Müsabiqənin qalibləri sentyabrın 18-də Azərbaycanın Milli Musiqi Günündə elan edilmiş, sentyabrın 28-də isə Bakıdakı Kamera və Orqan Musiqisi Zalında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində qalib olan əsərlərin premyerası olmuşdu.

Bu günlərdə Nyu-Yorkdakı Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qala-konserti baş tutub.

Konsertdən əvvəl müsabiqənin təşkilat komitəsinin rəhbəri Nərgiz Əliyarova çıxış edərək layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri, Juilyar Məktəbi Bəstəkarlıq şöbəsinin müdiri Melinda Vaqner müsabiqədə seçilən əsərlərdən danışıb. Diqqətə çatdırıb ki, müsabiqənin qalibi amerikalı bəstəkar Kian Ravaei olub. Ona birinci dərəcəli diplom təqdim edilib.

Qeyd edək ki, müsabiqədə 2-ci yeri Ceyhun Allahverdiyev (Azərbaycan), 3-cü yeri Xuanxo Villaroya (İspaniya) tutub. Bundan əlavə, daha yeddi iştirakçı müsabiqənin diplomantı olub.

Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Bundan əlavə, Azərbaycan xalq mahnıları “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və digər milli musiqi nümunələri də səsləndirilib.

Pianoda professor Nərgiz Əliyarova çıxış edib. Proqramda ABŞ-də yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov, həmçinin kamera musiqisi ansamblının ifaçıları iştirak ediblər.

Qeyd edək ki, IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunmuşdu.