Zəfər soraqlı günlərdə azad torpaqlara musiqili səfər
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə konsertlərlə əlaqədar Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri ilə birlikdə qrup rəhbəri olaraq Zəngilan və Cəbrayıl rayonlarına səfər etdik. Bu torpaqlara ilk səfərimdir və çox həyəcanlıyam. Bakıdan noyabrın 7-də səhər saatlarında yola düşdük.
Yolboyu Zəngilanın qısa zamanda necə sürətlə bərpa edildiyinə, tikinti-quruculuq işlərinin necə sistemli şəkildə aparıldığına şahid oluruq. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da yol yoldaşımızdır.
Rayonun Məmmədbəyli kəndi ərazisindəki türbənin yaxınlığından keçirik. Əməkdaşlar türbə haqqında ətraflı məlumat verirlər. Səfər heyətində aşıq Ruhiyyə Qarabağlı da yer alıb. Əslən bu kənddən olan aşıq doğma elinin vandalizmə məruz qalmış evlərini görən zaman göz yaşını saxlaya bilmir. Deyir ki, ailəsi ilə birlikdə kəndi səkkizinci sinifdə oxuyanda tərk edib. Düz 32 ildir həsrətlə bu günü gözləyirmiş. Uzun ayrılıqdan sonra dağıdılmış kəndlərini görmək ona çox pis təsir edir. Yoldaşlarımız Ruhiyyə xanıma ürək-dirək verir, tezliklə doğma yurduna qayıdacağı günün xəbərini verməsini diləyirlər.
Elə bu an gözlərimiz önünə gələn ürəkaçan mənzərə aşıq Ruhiyyənin də toxtamasına səbəb olur. Məmmədbəyli kəndi yenidən tikilir, evlər sıralanıb. Bundan gözəl nə ola bilər ki?! Maşından enib onların evinin xarabalıqlarına baxmaq istəyirik. Əfsus ki, təhlükəsizliklə əlaqədar buna icazə verilmir. Amma tikinti aparılan ərazini rahat şəkildə görə bilirik.
Beləcə, acılı-şirinli xatirələrlə Zəngilanın Ağalı kəndinə çatırıq. Ağalı işğaldan azad edilmiş ərazilərimizdə, ümumiyyətlə, Azərbaycanda ərsəyə gətirilən ilk “ağıllı kənd”dir...
“Ağalı” hotel elə də tez-tez qonaq qəbul etmir, deyəsən. Hotelin gülərüz personalı təcili otaqların istilik sistemini işə salır. Özlərinin münasibəti də istidir, səmimidir. Rahatlığımız üçün əllərindən gələni etməyə çalışırlar.
Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da bayram tədbirinin yüksək səviyyədə keçməsi üçün bütün qüvvələrini səfərbər ediblər. İlhamiyyə Rza, Nigar Əhmədova, Elgiz Nəbili, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Zəka Quluyev və xidmətin digər əməkdaşları gecə saatlarına qədər sabahkı konsertlərin proqramına təkrar-təkrar nəzər yetirirlər...
İşğaldan əvvəlki firavan dövrün tək nişanəsi – işıq dirəyi
Zəngilanda açılan bir payız səhəri. Təmiz hava, sakitlik... Hotelin qarşısında toplaşıb Cəbrayıla yollanırıq. Bir saata Cəbrayıldayıq deyirlər. Bəlkə də tez. Arazın o tayından, Cənubi Azərbaycanın Arazboyu kəndlərindən ərşə qalxan duman bizi izləyir. Arabir qonşu ölkənin mobil şəbəkələri telefonlarımızı “işğal” edir.
Bakı-Mincivan dəmir yol xətti, yeni salınan magistral yol göz oxşayır. Araz çayının bizə yol uzunu yoldaşlıq etməsinin özü də sanki bir nağıldır. Buradakı hər işıq dirəyi dəmir yol xətti ilə Arazboyu stansiyalarda qatarlarımızın fit səsinin yenidən eşidiləcəyi günün heç də uzaqda olmadığını pıçıldayır...
Cəbrayıla yaxınlaşırıq. Rayonun girəcəyindəki dairədə işıq dirəyi görünür – erməni işğalından əvvəl, rayonun firavan dövründən qalan tək nişanə. İlhamiyyə xanım bu dirəyi eksponat kimi saxlamaq fikirlərinin olduğunu bildirir.
Bu məqamda deyim ki, Zəfər konsertinə gedən musiqiçilərdən biri də xanəndə Məbud Əhmədovdur. 44 günlük Vətən müharibəsinin qazisi olan ifaçı döyüş yolundan bəhs edir, xatirələrini bölüşür. Bəzən kədərlənir, bəzən də kədərini gənc xanəndə Rəvan Qaçayevlə birlikdə vətən bayatıları ilə muğama söykəyib gizlətmək istəyir. Deyir ki, döyüş yolu Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətindən başlayıb. Üzü Cəbrayıla gedirik axı. Məbud da Cəbrayıldakı döyüş yolundan danışır. Duman içində qarşıdakı təpənin arxasında ermənilərlə üz-üzə dayanmalarından söz açır, elə bu ərazilərdə zabit və əsgərlərimizin necə rəşadətlə, peşəkarcasına vuruşduqlarını deyir...
“6 yaşımda çıxdığım yurduma 6 yaşlı oğlumla qayıdıram...”
Cəbrayıla çatırıq. Elə dünən Cəbrayıl şəhərinə daha 30 ailə (150 nəfər) köçürülüb. Yeni binalarda məskunlaşan sakinlər məmnun və şən görünürlər. Çünki Zəfər bayramını ilk dəfə Cəbrayılda qeyd edirlər. Bayram şənliyində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndinin sakinləri, bölgədə quruculuq-abadlıq işlərini həyata keçirən, fəhlə və ustalar, müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edirlər. İmkan tapıb sakinlərdən bəziləri ilə həmsöhbət oluram.
Nübar Qəhrəmanova şəhərə yeni köç edən ailələrdəndir. İki qızı ilə birlikdə Zəfər konsertini izləməyə gəliblər. Deyir ki, hələ tam yerbəyer olmayıblar. Amma ev hər cür şəraitlə təmin olunub. Buna görə də dövlətimizə minnətdarlığını ifadə edir.
Burada Bakıdan qonaq gəlib qismətinə konsert izləmək düşən cəbrayıllılar da var. Çox sevinclidirlər. Tezliklə doğma yurda qayıdacaqları günü gözləyirlər. Məryəm xanım müəllimdir. Cəbrayıla əmisigilə qonaq gəlib. Deyir ki, yolboyu ağlımda yalnız bu düşüncə var idi: 6 yaşımda çıxdığım yurduma indi 6 yaşlı oğlumla qayıdıram. Əmisinin həyat yoldaşı da çox razılıq edir. Bildirir ki, burada hər bir şəraitlə təmin olunmuşuq.
Qeyd edim ki, indiyədək Cəbrayıl şəhərində ümumilikdə 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin olunub. Doğma yurda qayıdış mərhələli şəkildə davam edir.
Budur, gözlənilən məqam yetişir, Zəfər konserti başlanır. Uşaqlar, qadınlar, əsgərlər böyük sevinc içərisində rəqs edir, şənlənirlər.
Bayram konserti böyük coşqu ilə qarşılandı. Bir daha bu qənaətə gəldim ki, Zəfər, həqiqətən də, böyük qürur, ruh yüksəkliyi, həyatdan dördəlli yapışmaq deməkmiş. Zəfər həm də onu canı-qanı bahasına qazanan Vətən oğullarına minnətdar olmaqdır. Mən də Cəbrayıl sakinlərində məhz bu əhvalı, bu hissləri müşahidə etdim...
Köksümüzü dolduran əminlik...
Cəbrayılda qalibiyyət əhvallı konsert proqramı böyük alqış sədaları altında yekunlaşır. Musiqiçilər qrupunun bir hissəsini Şuşa və Xankəndiyə yola salıb Zəngilanın Ağalı kəndinə qayıdırıq.
Kəndin mərkəzindəki göyərçinlər abidə-kompozisiyasının yanında xatirə fotosu çəkdirib, qurulan səhnədə konsertə başlayırıq. Vətənpərvərlik ruhunda, eləcə də şən-şux xalq və bəstəkar mahnıları sakinlərin könlünü oxşayır. Xüsusən də uşaqlar və əsgərlərimiz ürəkdən sevinirlər. İfaçılarımızın çıxışları böyük alqışlarla qarşılanır. Burada da səmimi atmosferdə keçən Zəfər konsertimiz başa çatır.
Günəş yavaş-yavaş cənub-qərbdə sıralanan dağların arxasına doğru əyilir. O başqa məmləkətləri işıqlandırmağa gedir. Bizsə əks istiqamətə, şərqə sarı – Bakıya yol alırıq...
Bir qədər yorğunluğumuz var. Təki Zəfər soraqlı tədbirlərdə yorulaq. Yolboyu böyük bir əminlik hissi köksümüzü doldurur: dövlətimizin “Böyük Qayıdış” proqramı ilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş bütün yurd yerləri işıqlı günlərinə qovuşacaq...
Lalə Azəri
Bakı-Zəngilan-Cəbrayıl-Bakı