İncəsənət xadimləri daha həssas olduqları üçün dünyanın ekoloji vəziyyəti, hər hansı dəyişikliyə uğraması, ruh vəziyyəti özünü bədii təcəssümdə mütləq büruzə verir. Bu gün bu qədər neqativlə üz-üzə qalan bəşər övladının halının qənaətbəxş dərəcədən çox uzaq olmasının hansı nəticələrə gətirib-çıxardığını xüsusi vurğulamağa ehtiyac yoxdur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-la bağlı Bakıya minlərlə əcnəbi qonaq gəlib. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən maraqlı bədii proqramlar da hazırlanıb.
Noyabrın 13-də Heydər Əliyev Sarayında təqdim edilən “Oyanış” adlı konsert-tamaşa da bunlardan biridir. Akademik Opera və Balet Teatrının təqdim etdiyi proqramı COP29-la bağlı Bakıya gəlmiş müxtəlif ölkələrin rəsmiləri də daxil olmaqla geniş tamaşaçı auditoriyası böyük maraqla izlədi.
Hələ proqram başlamazdan əvvəl səhnədə quraşdırılmış ekrandakı videoinstalyasiya – torpağın “qəlbinin” istisi olan alov dilimləri – Odlar Yurdu Azərbaycanın obrazlı rəmzi tamaşaçıları müvafiq ovqata köklədi.
“Oyanış” konsert-kompozisiyasının məram-məzmunu nədir? Kompozisiyanın quruluşçu rejissoru, ssenari müəllifi və geyim tərtibatçısı Françesko Bandi bu barədə belə deyir: “Oyanış” – “Əbədi məşəl” insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də şou suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə əlaqələndirən başlanğıc kimi anlaşılır. Çətin təkamül yollarında itmiş bəşəriyyət hər bir elementin mahiyyətində təbiətin bədii əsərini bizə göstərmək üçün uzaq zamanlardan gələn kahinlərin müdrikliyi ilə ziyarət edilir. Bütün bunlarla birləşən kosmik yazışmaların dinamikası daxilində kişilik və qadınlıq dialektikası Xeyirə doğru kollektiv səy kimi həyatı yeniləyən bəşəriyyətin xalçasını toxuyur. Xalça saysız-hesabsız düyünlərin, ilmələrin birləşməsinin nəticəsi olduğu kimi, biz də xalqlar arasında kollektiv iradənin məziyyətləri ilə əldə edilən birliyin gözəlliyini təsəvvür edirik. Gözəllik baxanın gözündədir. Bu səbəbdən rəqs şövqü və ruhlandırıcı bahar arzusunda, hər şeyi yeniləmək üçün bəşəriyyətə verilən yeni bir işığın müjdəçisi kimi konsert-kompozisiya boyunca əbədi məşəl alovlanır...”.
Konsert-kompozisiyanın quruluş müəllifinin bəhs etdiyi əbədi məşəlləri əllərində tutaraq xoreoqrafik hərəkətlər edən rəqqasələr səhnəyə ilk olaraq tamaşaçı zalından çıxdılar – bərabərlik, həmrəylik əlaməti olaraq.
Azərbaycan sənətçiləri ilə yanaşı, əcnəbi incəsənət ustalarının da iştirakı ilə hazırlanan şou-kompozisiyanın dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Konsert-kompozisiyada Turan qızı obrazında Cusi Di Bassi, Məşəl keşişi obrazında Antonio Bonura, Qız qalası şahzadələri obrazlarında Afaq Abbasova, Polina Pravdina, Naməlum şahzadə obrazında Ramil Qasımov, solo partiya ifalarında Adil Axundov və Səma Həmzəyeva, həmçinin solo tar – İbrahim Babayev, solo muğam – Fərqanə Qasımova və Teyyub Aslanov, solo balaban – Anar Vəlizadə çıxış etdilər.
Samirə Behbudqızı