Azərbaycan və Türkiyə arasında mədəniyyətin bütün sahələrində uğurlu əməkdaşlıq qurulub.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bunu noyabrın 15-də COP29-da iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşdə deyib.
Mədəniyyət sahəsində əlaqələrin inkişafından bəhs edən Adil Kərimli qeyd edib ki, bu günlərdə (2–10 noyabr) İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycanın ilk dəfə “fəxri qonaq ölkə” qismində iştirak etməsi əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. Nazir sərgi müddətində Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə türkiyəli həmkarına təşəkkür edib.
8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdıran Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəmizin COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, əgər Türkiyə COP31-i qəbul edərsə, Azərbaycanın bu sahədəki təcrübəsi öyrəniləcək. O, COP29 çərçivəsində ətraf mühit və mədəniyyət məsələlərinin də diqqətdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında bir sıra istiqamətlərdə, xüsusilə də arxeoloji irsin öyrənilməsi və kino sahəsində əməkdaşlığın perspektivləri qeyd edilib. TÜRKSOY-un himayəsi ilə çəkilməsi planlaşdırılan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filmi ilə bağlı da söz açılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda türkiyəli nazirə xatirə hədiyyələri təqdim olunub.
***
Daha sonra nazirlər tədbir məkanındakı Azərbaycan, Türkiyə və Özbəkistanın pavilyonları ilə tanış olublar. Türkiyə və Özbəkistan pavilyonları ilə tanışlıq zamanı Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edib.