Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb. Noyabrın 15-də Bakıda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən imzalanan  saziş turizm qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələləri əhatə edir.

DTA-dan verilən məlumata görə, sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərlə bağlı mövzular da əksini tapıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr dövründə Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı 357 min 615 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur.