Azərbaycanın media məkanında özünəməxsus yeri olan APA (“Azəri-Press" Agentliyi) noyabrın 16-da 20 yaşını qeyd edir.

Azərbaycan Mətbuat Şurası yubiley münasibətilə APA-nı təbrik edib. Təbrikdə deyilir ki, işini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan biri də APA-dır. Etibarlı informasiya daşıyıcısı olan APA-nın media brendinə çevrilməsi heç də asan başa gəlməyib: “Həmkarımız Vüsalə Mahirqızı və onun komandası bugünkü səviyyəyə çatmaq üçün çox çalışıb, bir çox çətinliklərdən keçib. Nəticə göz qabağındadır – ölkəmiz hazırkı qloballaşma dövründə informasiya amilinə həssas yanaşan APA kimi peşəkar media orqanına malikdir”.

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov da APA-nı 20 illiyi münasibətilə təbrik edib. “Peşəkarlığı və obyektivliyi ilə seçilən APA ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatları, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbərləri cəmiyyətə operativ formada və özünəməxsus üslubda çatdırır, dünyanın müxtəlif ölkələrinin aparıcı media subyektləri ilə əməkdaşlıq edir, informasiya mübadiləsi aparır”, – deyə təbrikdə bildirilir. Qeyd olunur ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə APA, milli mətbuatımızın müasirləşmə, azərbaycançılıq və digər mühüm dəyərlərini əsas götürməklə yanaşı, müasir media trendlərinin tələblərinə cavab verir, Azərbaycanın dövlətçilik maraqlarını uca tutur, dolğun və düzgün məlumatlandırmanı təmin edir.

***

2004-cü il noyabrın 16-da fəaliyyətə başlayan APA Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.

“Mədəniyyət” qəzeti redaksiyası olaraq biz də həmkarlarımızı əlamətdar yubiley münasibətilə təbrik edir, APA-nın bütün çalışanlarına peşəkar fəaliyyətlərində yeni uğurlar və daha geniş oxucu-istifadəçi auditoriyası arzulayırıq.