Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi seminar keçirilib.

Universitetdən bildirilib ki, elmi seminarda Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi “Yaşıl kitabxana konsepsiyası” mövzusunda məruzə edib. Məruzədə kitabxana-informasiya fəaliyyətində yeni və mühüm istiqamət kimi meydana çıxan yaşıl kitabxana konsepsiyası şərh olunub, bu konsepsiyanın reallaşdırılmasının cəmiyyətin həyatında oynayacağı rolun mahiyyəti və məzmunu geniş şəkildə izah edilib. Xarici mütəxəssislərin bu sahədə apardığı tədqiqatlar barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (IFLA) hesabatları və qəbul etdiyi müvafiq sənədlər əsasında hazırlanmış təqdimatda yaşıl kitabxana konsepsiyasının məqsədi, arxitekturası, vəzifələri elmmetrik səviyyədə öyrənilib.

Pərviz Kazımi qeyd edib ki, hazırda yaşıl kitabxana hərəkatının genişləndirilməsi, bu tipli kitabxanaların standartlaşdırılması və sertifikasiyası məsələləri aktual problemlərdəndir: “Yaşıl kitabxana konsepsiyasının həyata keçirilməsi proseslərində enerjiyə və digər resurslara qənaət, ətraf mühitin və insan sağlamlığının qorunması kimi amillər diqqət mərkəzində olmalı, bu mühüm tələblərə cavab verən infrastruktur yaradılmalıdır”.

Məruzədə ölkəmizdə fəaliyyət göstərən kitabxanaların bu istiqamətdə mövcud resurs və potensiallarından da bəhs olunub. Elmi seminar müzakirələrlə davam edib.