Həmin gün Azərbaycan xalqı Qarabağın müdafiəsi üçün meydana çıxmışdı...
17 noyabr Azərbaycanın yeni tarixində öz yeri olan əlamətdar günlərdən biridir. 1988-ci ilin 17 noyabrında Bakıdakı Lenin (indiki Azadlıq) meydanında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan münaqişəyə və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb.
Dekabrın 4-dək – 18 gün aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşırdı. Minlərlə insan gecələr meydanda qalaraq Azərbaycan xalqının haqq səsini dünyaya duyururdu. Mitinqlər yalnız dekabrın 5-də sovet qoşunlarının zor gücü nəticəsində dağıdıldı. Onlarla iştirakçı xəsarət aldı, yüzlərlə insan həbs edildi.
Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü.
İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycan Xalq Cümhuriyətinin tarixi mirası - üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Azərbaycanda “Milli Dirçəliş Günü” elan edildi.
***
17 noyabrla bağlı daha bir tarixi hadisə 1990-cı ildə yaşanıb. 1990-cı il noyabrın 17-də Azərbaycanın Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Məclisinin (o vaxt Ali Sovet) yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. İclasa Məclisin qocaman deputatı Heydər Əliyev sədrlik edib.
Həmin iclasda bir neçə tarixi qərar qəbul olunub: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, 17 noyabr “Milli Dirçəliş Günü” elan olunub.
Üçrəngli bayrağın muxtar respublikanın rəmzi olaraq qəbul olunması əlamətdar hadisə idi. Naxçıvan MR Ali Məclisi – Azərbaycan Respublikası Ali Sovetinə bayraqla bağlı müraciət qəbul etmişdi.
1991-ci il fevralın 5-də yeni çağırış Azərbaycan Respublikası Ali Soveti ilk iclasında bu məsələyə baxdı. Üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi elan olunması haqqında qərar qəbul edildi.
Bu, sovet tarixi və rəmzlərindən imtina, milli dövlətçiliyin bərpasına doğru addım idi. Bu yolun təqvimdə başlanğıcı 1988-ci ilin 17 noyabrında qoyulmuşdu...
***
... 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər və 2023-cü ilin 20 sentyabrında Qarabağda davakar erməni separatizminin kökünü kəsən antiterror əməliyyatındakı qalibiyyət sayəsində Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və torpaqları üzərində suverenliyni tam bərpa etdi. 1988-ci ildə Azərbaycan xalqı meydanlara Qarabağın müdafiəsi naminə, haqq-ədalət tələbi ilə çıxmışdı. Bu gün tarixi haqq-ədalət artıq öz yerini tapıb. Güclü Azərbaycan dövləti indi özünün gerçək dirçəlişini yaşayır...
Vüqar Orxan