Dekabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Moskva Müasir Musiqi Ansamblı (MASM) və "N’Caged" vokal ansamblının konsert proqramı təqdim ediləcək.  Kollektivlər konsertdə azərbaycanlı bəstəkarların, həmçinin "Aksenov Ailəsi Fondu"nun "Rus musiqisi 2.0" layihəsi qaliblərinin yeni əsərlərini səsləndirəcək.

 "Aksenov Ailəsi Fondu" və Bakı Müasir Musiqi Cəmiyyəti "CON TEMPO. Müasir musiqi burada və indi" adlı layihəsi əsasında gerçəkləşəcək konsert, əslində, proqramda yer alan 7 əsərin dünya premyerasıdır.

Təqdim olunan layihənin iştirakçıları arasında Mark Buloşnikov, Səid Qəni, Türkər Qasımzadə, Oleq Xroxalyev, Darya Maminova, Marina Poleuxina və Aleksey Sısoyev yer alır. Layihənin proqramı çərçivəsində iki ölkənin tanınmış bəstəkarları, musiqi prodüserləri və musiqişünaslarının iştirak edəcəyi ustad dərsləri, dəyirmi masalar və ictimai müzakirələri əhatə edir.

“CON TEMPO” müxtəlif ölkələrdən və nəsillərdən olan musiqiçilər arasında təcrübə mübadiləsi üçün bir məkan yaradır, mədəni körpülər qurur və dəyişən dünyada müasir sənətin taleyini düşünür.

Konsertə giriş sərbəst olacaq.