Noyabrın 17-də Azərbaycan xalça sənətinin elmi səviyyədə öyrənilməsi və təbliğində müstəsna xidmətlər göstərmiş, dünyada ilk dəfə Bakıda xalça muzeyinin yaradılmasının təşəbbüskarı olmuş Xalq rəssamı Lətif Kərimovun (1906–1991) anadan olmasının 118-ci ildönümü tamam olub.
Həmin gün Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Fəxri xiyabanda Lətif Kərimovun məzarını ziyarət edib.
Anım mərasimində Azərbaycan xalça sənətinə həsr edilmiş fundamental əsərləri ilə tanınan sənətkar haqqında söz açılıb. Bildirilib ki, Milli Xalça Muzeyi xalçaçı rəssamın doğma ocağı və yaradıcı fəaliyyətinin şah əsəridir. Muzeyin kolleksiyasının toplanılması, xalçaların elmi təsnifatının hazırlanması, sistemləşdirilməsi, peşəkar xalçaçı rəssam və sənətşünasların hazırlanması Lətif Kərimovun adı ilə bağlıdır. Onun “Əfşan”, “Səfiəddin Urməvi”, “Ləçəkturunc”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və s. qiymətli xalça və eskizləri hazırda muzeyin kolleksiyasında qorunur.
Ömrünü xalçaçılıq sənətinin inkişafına həsr edən Lətif Kərimov bənzərsiz yaradıcılığı ilə Azərbaycanın incəsənət tarixində əbədi yaşayacaq.