COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Britaniya Memarları Kral İnstitutunun (RIBA) prezidenti Muyiva Oki Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə mövcud əməkdaşlıq və perspektivlər müzakirə edilib.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova RIBA-nın AzMİU üçün vacib tərəfdaş olduğunu vurğulayıb, Memarlıq fakültəsinin bakalavriat səviyyəsi üzrə RIBA akkreditasiyasından növbəti dəfə uğurla keçməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, RIBA akkreditasiyası AzMİU-nun memarlıq təhsilində dünya standartlarına cavab verdiyini təsdiq edir və bu, universitetin beynəlxalq səviyyədə tanınmasında mühüm addımdır.
Muyiva Oki AzMİU-nun nailiyyətlərini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan memarlığı, xüsusilə Bakı şəhərinin memarlıq mənzərəsi zəngin ənənələri və müasir yanaşmaları özündə birləşdirir. AzMİU bu irsi inkişaf etdirərək gələcək nəsillərə ötürən aparıcı təhsil ocağıdır.
AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə Azərbaycan memarlığının inkişafı tarixindən, bu əməkdaşlığın milli memarlığın beynəlxalq müstəvidə tanıdılmasına verdiyi töhfələrdən bəhs edib.
Görüş zamanı RIBA-nın magistratura səviyyəsində də akkreditasiya prosesinin həyata keçirilməsi məsələsi müzakirə edilib, bunun üçün prosedur və meyarlar təhlil olunub.
Muyiva Oki AzMİU-nun bakalavr proqramının 2024–2029-cu illər üçün RIBA akkreditasiyası sertifikatını rektor Gülçöhrə Məmmədovaya təqdim edib.
RIBA-nın prezidenti AzMİU-nun Memarlıq fakültəsinin tələbələri tərəfindən hazırlanmış kurs işləri ilə tanış olub. Dekan Zahidə Məmmədova qonağa fakültənin fəaliyyəti, tədris proqramı və tələbələrin innovativ yanaşmaları haqqında ətraflı məlumat verib.