BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Rusiya Federasiyası Tümen Dövlət Universitetinin birinci prorektoru Andrey Tolstikov noyabrın 15-də Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işgüzar görüş Botanika İnstitutu ilə əməkdaşlıq imkanlarının müzakirəsi və memorandumun imzalanması məqsədilə təşkil edilib.

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva qonağa institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib. Əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

Qonaq institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün imkanların olduğunu vurğulayıb.

A.Tolstikov institutda herbari nümunələrinin saxlanılma şəraiti ilə də tanış olub.

Sonra Botanika İnstitutu ilə Tümen Dövlət Universiteti arasında memorandum imzalanıb. Memorandum elm və təhsil sahəsində əməkdaşlıq, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texnologiyaların tətbiqi, birgə layihələrin həyata keçirilməsi kimi məsələləri əhatə edir.