Azərbaycan Yazıçılar İttifaqının Moskva şöbəsindən verilən məlumata görə, həmyerlimiz, tanınmış şair Nəsib Nəbioğlu 2011-ci ilin Yuri Dolqoruki adına nüfuzlu ədəbi mükafatının laureatı olub. Bu mükafat ona “Nəğməkar döyüşçü” şeirlər məcmuəsinə görə verilib.
   
   Yuri Dolqoruki adına ədəbi mükafat 2004-cü ildə Moskva hökuməti və Kiyevdəki “Raduqa” rusdilli ədəbi-bədii jurnalı tərəfindən təsis edilib. Ukrayna paytaxtında postsovet ölkələrindən rusdilli yazıçı və şairlərə beynəlxalq ədəbi mükafatın təqdim edilməsi mərasimi keçirilib.
   Mükafatın müsabiqə komissiyasının sədri, Rusiya Dövlət mükafatı laureatı, şair Vladimir Silkin qeyd edib ki, Azərbaycan şairi Nəsir Nəbioğlu “Poeziya” nominasiyasında qeyd-şərtsiz lider olub. Onun rus dilində əsərləri həm peşəkar ədəbiyyatçılar arasında, həm də geniş oxucu dairəsi tərəfindən yüksək qiymətləndirilib. Münsiflər heyəti sədrinin müavini, şair İqor Vityuk deyib ki, Nəsib Nəbioğlu müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsidir.
   Öz növbəsində azərbaycanlı şair ona yüksək qiymət verdiklərinə görə Moskva hökumətinə, münsiflər heyətinin üzvlərinə, tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib. Qeyd edib ki, onun istedadı həmişə doğma Azərbaycana və bu yaradıcılığı yüksək qiymətləndirmiş Rusiyaya xidmət edəcək.