Xəbər verdiyimiz kimi, bu günlərdə Nyu-Yorkun “Linkoln” Mərkəzində IV Beynəlxalq Müsabiqəsinin qala-konserti keçirilib. Bu il müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunmuşdu. Onun məqsədi plagiata məruz qalmış bir sıra Azərbaycan xalq mahnılarının məhz Azərbaycan mədəniyyətinə aid olduğunu dünya musiqi ictimaiyyətinə çatdırılması və dünyada geniş təbliğ edilməsidir.
AZƏRTAC-ın müxbiri tanınmış pianoçu, professor, müsabiqənin təşkilat komitəsinin rəhbəri, “National Music & Global Culture Society” (Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin) prezidenti, Azərbaycanın Əməkdar artisti, fəlsəfə doktoru Nərgiz Əliyarova ilə söhbət edib.
- Nərgiz xanım, müsabiqənin tarixindən danışın.
- İlk dəfə müsabiqənin keçirilməsi ideyası Azərbaycan musiqisinin plagiatı problemi ilə üzləşdiyimdə yaranıb. Bu fenomenlə mübarizəni mədəniyyətimizi təbliğ etməklə aparmalıyıq. Bu, çox spesifik müsabiqədir: onun şərtlərinə görə, bəstəkar təklif olunan Azərbaycanın on bəstəkarının bəstəsindən birindən istifadə edərək və ilkin mənbəni mütləq göstərməklə yeni əsər bəstələməlidir. Müsabiqənin mövcud olduğu müddətdə beş qitədən, qırxdan çox ölkədən olan bəstəkarlar tərəfindən yüzdən çox əsər yaradılıb. İlk müsabiqə Üzeyir Hacıbəyliyə həsr olunmuşdu. Biz onun üç əsərindən - “Koroğlu” operası, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından on melodiya seçdik. Müxtəlif ölkələrdən olan bəstəkarlar bu mövzulardan istifadə edərək əsərlər bəstələməli idilər. İkinci müsabiqə Fikrət Əmirova həsr olunmuşdu. Üçüncü müsabiqə ifaçılıqla bağlı idi. Bu il tədbir xalq musiqisinə həsr olunub. Bəstəkar əsərlərinə münasibətdə plagiatla mübarizə aparmaq mümkündürsə, xalq musiqisi daha həssasdır: bu janr heç bir yerdə qeydə alınmır və onu plagiat etmək daha asandır. Bu, çox aktual mövzudur.
- Bu müsabiqə gənc bəstəkarlara nə verir?
- Müsabiqə sayəsində gənc bəstəkarların əsərləri səhnədə ifa olunur və ABŞ-da nəşr olunur. Qala-konsert Nyu-Yorkda, dünya mədəniyyətinin mərkəzində keçirilir. Əsərin “Linkoln” mərkəzində ifa olunması gənc bəstəkarın karyerasında böyük nailiyyətdir.
- “Linkoln” mərkəzindəki qala-konsert bu il necə keçdi?
- Konsert çox yaxşı keçdi. Əsərlər “Manhattan School of Music” kamera heyəti tərəfindən yüksək səviyyədə ifa olundu. Konsertin əvvəlində Azərbaycan haqqında tanıtım filmi nümayiş etdirdik. Mən həmişə Azərbaycan musiqisi və ya bizim bəstəkarlarımız haqqında müəyyən məlumat təqdim edirəm. Açılışda müsabiqənin münsiflər heyətinin sədri, Culyard Məktəbinin Kompozisiya kafedrasının müdiri Melinda Vaqner çıxış edib. Musiqimizlə bağlı təəssüratlarını bölüşmək üçün birinci mükafatçı Kian Ravaini də səhnəyə dəvət etdik. O, ABŞ-da yaşayır, lakin əslən İranın şimalındandır. Kian dedi ki, bu onun üçün çox yaxın mövzu və doğma səslərdir.
Zalımız dolu idi, çoxlu xarici qonaqlar vardı. Müxtəlif millətlərin nümayəndələri Azərbaycan musiqisinə heyran oldular. O, çox yüksək səviyyədə qarşılanırdı. Konsertdən sonra mənə yaxınlaşanlar Azərbaycan musiqisi səslənəndə ağladıqlarını deyirdilər. Bu, mənim üçün çox dəyərli idi.
Bu il IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsində dörd qitədən 22 ölkəni təmsil edən nümayəndələr iştirak ediblər.
ABŞ-dan olan bəstəkar Kian Ravai qalib oldu. Ceyhun Allahverdiyev (Azərbaycan) ikinci, Xuanho Villaroya Qrau (İspaniya) isə üçüncü yeri tutub. Müsabiqənin qaliblərinə diplomlarla yanaşı, pul mükafatları da təqdim edilib. Müsabiqənin diplomantları - Kozimo Bombardyeri (İtaliya), Sina Cafarikia (İran), Maykl Tan (Kanada), Ben Yi-Paulson (ABŞ), Rüfət Xəlilov (Azərbaycan), Cared Destro (ABŞ) və Braça Bdil (İsrail) olublar.
Müsabiqənin münsiflər heyətinə Nyu-Yorkun məşhur Culyard Məktəbinin Bəstəkarlıq kafedrasının müdiri Melinda Vaqner (münsiflər heyətinin sədri), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar artist Cəlal Abbasov, Şimali Texas Universitetində Musiqi kompozisiyası kafedrasının dosenti Sunci Gong daxil olublar.