Türkiyənin Antalya şəhərində bölgənin təbii həyatının canlandırılması, interaktiv kitab, rəqəmsal gəzinti, ağaclar və quşlarla əlaqəli informasiya sistemi olan ilk interaktiv təbiət muzeyi açılacaq.
Antalya və ətraf ərazinin təbiət turizmi üçün zəngin fauna və florasının tanıdılacağı muzeydə 2 min növdən çox bitki və heyvan haqqında rəqəmsal məlumatlar əks olunacaq. Bitkilər və heyvanlarla əlaqədar yazılı və vizual nəşrlər ziyarətçiləri Antalya bölgəsinin təbiəti haqqında məlumatlandıracaq.
Layihədə ən əhəmiyyətli hədəflərdən biri isə ekoturizmin inkişafı və muzeyin bu istiqamətdə təhsil mərkəzinə çevrilməsidir. Bioloji müxtəliflik və təbii zənginliklər bölgədə alternativ təbiət əsaslı turizmin inkişafını daha da sürətləndirmiş olacaq.
Termessos Milli Parkında yaradılacaq muzeydə ən son texnologiya, proqram təminatı sistemləri tətbiq olunacaq.
Fariz Hüseynov