“Mən bu şəhəri çox sevdim, bundan sonra da gələcəyəm”

Son illər Azərbaycanın sürətli inkişafı, paytaxtla yanaşı, bölgələrdə də müasir infrastrukturun qurulması müxtəlif ölkələrdən turist axınına zəmin yaradıb. Eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlər, festivallar, idman yarışları da turistləri cəlb edir.

Bu günlər Bakının park və xiyabanlarında, əyləncə mərkəzlərində, tarixi məkanlarında xeyli turistə rast gəlmək olur. Xarici qonaqlarda ölkəmizin zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlığı xüsusilə gözəl təəssürat yaradır.
Turistlərin paytaxtımızda ən çox baş çəkdikləri yerlər muzeylər, sərgi salonları, tarixi yerlərdir. Sözsüz ki, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı bu sırada ilk yeri tutur. Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi və digər mədəni məkanlara da baş çəkənlər çoxdur.
Biz də şəhərimizin qonaqlarından bir neçəsi ilə həmsöhbət olub, təəssüratlarını öyrəndik. Təbrizdən gələn Yusif Şahruxi deyir ki, Bakı çox dəyişib: “Biz əvvəllər də Bakıda olmuşuq. Son vaxtlar şəhər çox müasirləşib. Bakının tarixini görmək üçün İçərişəhərdə olduq. Mən bu şəhəri çox sevdiyim üçün, demək olar ki, hər il gəlirəm, bundan sonra da gələcəyəm. İranda da belə tarixi yerlər çoxdur. İran bizim vətənimiz, bura isə ata yurdumuzdur. İnsan ata yurdunu ziyarət etməlidir. Nəvələrimi də gətirmişəm, onlar da çox sevinirlər. Amma düzünü deyim ki, burada qiymətlər çox bahadır. İranda belə deyil, bu pulla bizdə daha çox istirahət etmək olar”.
Suvenir mağazalarından birində rast gəldiyimiz türkiyəli Mehmet və Aydan Əmrə cütlüyü paytaxt sakinlərinin qonaqpərvərliyini xüsusi qeyd etdilər: “Bu bizim Bakıya ilk gəlişimizdir. Yaxın qohumlarımız illərdir Bakıda çalışırlar. Onlarla internet vasitəsilə ünsiyyət quranda Bakının gözəlliyi, tarixi məkanları haqqında danışırdılar. Bu bizi çox maraqlandırırdı və nəhayət ki, gələ bildik. Bakıya ilk baxışda vurulmamaq mümkün deyil və bu mağazaya da gözəl şəhərinizdən xatirə olaraq suvenir almağa gəlmişik. Bəyəndiyimiz çoxlu suvenirlər var. Seçim etməyə bir az çətinlik çəksək də, üzərində Azərbaycanın xəritəsi əks olunmuş suveniri aldıq”.
Rusiyalı Svetlana Yatsenko bir neçə dəfə Bakıda olduğunu deyir: “Bu şəhərə hər gəlişimdə dəyişikliklərin şahidi oluram. Bakı həm qədim, həm də sürətlə müasirləşən şəhərdir. Bakıda əksəriyyət rus dilini bildiyindən burada gəzmək bizim üçün çox rahatdır. Bir neçə muzeydə, tarixi yerlərdə, İçərişəhərdə olmuşam. İnsanlarınız da çox mehribandır”.
Turistlərin də böyük maraq göstərdiyi suvenir mağaza və köşklərində İçərişəhərin müxtəlif görüntüləri əks olunan, eyni zamanda tarix və mədəniyyətimizlə bağlı çoxlu sayda suvenirlər var. Suvenirlər arasında Qız qalasının kiçik maketləri, Qarabağın tarixi abidələri, muğam üçlüyündən ibarət kuklalar və müxtəlif milli personajlar, milli ornamentli çarıqlar, eləcə də xatirə hədiyyəsi kimi baş örtükləri - kəlağayılar, şallar, şarflar və s. var. Həmçinin üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri olan boşqablar, fincanlar, təsbehlər almaq mümkündür.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar