Qazaxıstanın Aktau şəhəri (Mangistau vilayəti) 2025-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu barədə qərar TÜRKSOY Daimi Şurasının noyabrın 16-da Aşqabadda (Türkmənistan) keçirilən 41-ci iclasında qəbul edilib.
İclasda türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və təbliği istiqamətində birgə səylər müzakirə edilib. Digər məsələlərlə yanaşı, 2026-cı ilin böyük türk mütəfəkkiri Ziya Göyalpın (1876–1924) 150 illiyi şərəfinə “Ziya Göyalp ili” elan edilməsi barədə qərar da qəbul edilib. Xatirladaq ki, TÜRKSOY-un 2025-ci il üçün müvafiq qərarı bir il öncə (2023) qəbul olunub. Gələn il Türk dünyasında xatirəsi yad ediləcək görkəmli şəxsiyyətlər arasında 100 illiyi keçiriləcək Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə də var.
Noyabrın 17-də isə “Anev – 2024: Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilib. Mərasimdə “mədəniyyət paytaxtı”nın rəmzi Aktau şəhərinin rəsmilərinə təqdim edilib.
Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türk dövlətləri başçılarının İstanbul sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.
Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı 2021-ci ildə keçirilib), Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub.
2023-cü ildə bu missiyanı Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa qəbul edib. 2024-cü ildə estafet Türkmənistanın Anev şəhərinə keçib.