Mütəxəssislər fikirlərini müxtəlif faktlarla əsaslandırırlar

Yay mövsümü ilə bağlı turizm sahəsində hər zaman canlanma müşahidə olunur. Bəs bu proses ölkəmizdə ilin turizm statistikasına necə təsir edəcək? Bu il sektorda nə dərəcədə artım gözləməyə dəyər? Bu barədə mütəxəssislərin proqnoz və fikirlərini öyrəndik.

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri, dosent Bahadur Bilalov bildirdi ki, əvvəlki illərə nisbətən bu il ölkə daxilində istirahətə üstünlük verənlərin sayında artım var: “Bunu deməyə əsas verən amillər-mövcud istirahət mərkəzlərində xidmətlərin çeşidinin və keyfiyyətinin artması, yeni istirahət mərkəzlərinin açılması və fərqli qiymətlərdir. Adambaşına günlük istirahət xərci 25-300 manat arasında dəyişir. Yəni hər kəs imkanına görə istirahət yeri seçə bilər. Digər tərəfdən, Ukraynada baş verən son hadisələr nəticəsində ölkəmizə MDB ölkələrindən istirahətə gələnlərin artacağını düşünürəm”.
Həmsöhbətim bildirdi ki, ilin ilk yarısının statistikası açıqlanandan sonra bu artım tempini daha dəqiq söyləmək mümkün olacaq: “Dünya üzrə statistikaya nəzər salsaq, illik artım 4-5 faiz təşkil edir. Fikrimcə, bu il ölkə turizmində artım əvvəlki illə müqayisədə 9-10 faiz təşkil edəcək”.
Bu istiqamətdə görüləcək işlərə gəlincə, mütəxəssis hesab edir ki, istirahət mərkəzləri, hotellər, bölgələrdəki turizm-informasiya mərkəzləri, rayon icra hakimiyyətləri hamılıqla müvafiq bölgənin reklamını təşkil etmək üçün səylərini daha da gücləndirməli, xidmət çeşidini artırmalıdır: “Cənab nazirin də dəfələrlə qeyd etdiyi kimi, 3 ulduzlu hotellərin tikintisi dəstəklənir. Bakıda son dövrlərdə istifadəyə verilən belə hotellərin sayı artır. 4 ulduzlu hotellərin qiymətində də endirimlər müşahidə olunur”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə regionların turizm imkanlarının ilbəil artdığını bildirdi. Onun sözlərinə görə, turistlər istirahət üçün daha çox şimal-şərq (Quba, Qusar, Xaçmaz), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və cənub (Lerik, Astara, Masallı) regionuna üstünlük verirlər. Hər zona üzrə xidmətlərin qiymətlərinin fərqləndiyini bildirən AzTA rəsmisi qeyd etdi ki, bu il qiymətlər ötən illə müqayisədə nisbətən münasibdir: “Yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkündür. Xüsusilə Nabran bölgəsində çeşidli xidmətlər təklif edən istirahət mərkəzləri çoxdur”.
AzTA nümayəndəsinin fikrincə, buna baxmayaraq, turizm obyektlərində təklif edilən yeməklərin qiymətləri yenə bahadır: «Biz də tövsiyə edirik ki, turistlərin daha çox gəlməsi üçün yeməklərin qiymətləri onların ciblərinə uyğun olsun. Bu, turistin gündəlik xərclərini də azaldar”. Mütəxəssis deyir ki, turizm obyektlərində əlavə xidmətlərin təklif edilməsi, müxtəlif ekskursiyaların, əyləncəli proqramların təşkili də turist sayını artırmağa zəmin yaradır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar