Hazırda yay turizm mövsümünün qaynar vaxtı olduğundan Azərbaycan vətəndaşları da həm ölkə daxilində, həm də xaricdə istirahət imkanlarından yararlanmağa çalışırlar. Bunun üçün onlar turizm şirkətlərinin təqdim etdiyi turlardan da istifadə edirlər. Lakin bəzi hallarda turist səfərləri zamanı xoşagəlməz məqamlar meydana çıxır.
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi də vətəndaşlara xəbərdarlıq etdi ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətin fəaliyyət üçün lisenziyasının olub-olmadığını öyrənsinlər, turist vauçerinin verilməsini və «Turizm haqqında» qanunun tələblərinə uyğun olaraq şirkətlə müvafiq müqavilənin bağlanmasını tələb etsinlər.
Bəs xarici ölkələrə səfərlər zamanı turistlər hansı məqamlara daha çox diqqət etməlidirlər? Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, bu gün elektron sistemdə hər bir şirkətin fəaliyyətinin qanuniliyini yoxlamaq çətin deyil: “Bunu müəyyən etdikdən sonra müştəri ilə razılaşdığı şərtlər çərçivəsində müqavilə bağlanmalıdır. Edilmiş ödənişin təyinatını və məbləğini göstərən qəbz verilməlidir. Bu hallarda sonradan pozulmuş hüquqları bərpa etmək mümkündür”.
Mütəxəssis deyir ki, istənilən anlaşmanın müqavilə şəklində rəsmiləşdirilməsi hüquqların sığortasıdır. Bu müqavilə sabah istənilən anlaşılmazlıq baş verən zaman məhkəmədə müdafiə hüququnu qoruyur: “Əks təqdirdə müştəri başına gələnləri sübuta yetirə bilməyəcək. Müqavilə bağlamaq və anlaşmaları rəsmiləşdirməyin özü bir mədəniyyətdir. Bu gün bizə müqaviləsi olmadığı halda, pul ödəyib səyahət etmək istəyən və sonra da aldadılan insanlar müraciət edirlər. Sözsüz ki, onların bu iddialarını sübuta yetirmək müşkül olur”.
S.Axundovun sözlərinə görə, müqavilədə turizm firmasının sifarişçi vətəndaş qarşısında götürdüyü öhdəliklər göstərilməlidir: «Şirkət göstərəcəyi xidmətləri və dəyərlərini qeyd etməlidir. Məsələn, səyahətin müddəti, marşrutu, nəqliyyat xidməti, hansı hoteldə qalacaq və hansı nömrə bron edilib, gün ərzində qidalanma, vizanın neçə günə alınması göstərilməlidir. Turizm xidməti təklif edən şirkət turistin hüquq və vəzifələrini göstərməlidir. Ən əsası isə, şirkətin günahından səyahət baş tutmadığı halda, pulun hansı hissəsinin və hansı qaydada qaytarılması və yaxud turist tərəfindən səyahətə bir neçə gün qalmış imtina edilərsə, bu halda nə qədər cərimə tutulması məsələləri müqavilədə göstərilməlidir”.
Həmsöhbətimiz qeyd edir ki, səyahətə gedənlər daha çox bütün ödənişləri etdikdən sonra hotellərdə vəd olunmuş yerin verilməməsindən, yaxud gündəlik 3 dəfə yemək göstərildiyi halda, orada yalnız səhər yeməyinin verilməsi kimi problemlərindən şikayətlənirlər. Belə hallarla maraqlananda görürük ki, vətəndaşın səfərini təşkil edən şirkət, sadəcə, biletlərin və qalınacaq hotellərin bron kağızlarını müştəriyə verməklə, pulunu alıblar. Sonra hava limanında müştəriyə vizanın alınmadığı bildirilib. Belə halda müqavilə olmadığı üçün bu dələduzluq qurbanına çevrilmiş turist verdiyi pulu geri ala bilmir. Ancaq müqavilə olduğu zaman dəymiş ziyanın şirkətdən tutularaq vətəndaşa ödənilməsi mümkündür.
Digər problem də var ki, bəzən turist səfərləri təşkil etmək adı altında ayrı-ayrı şəxslər vətəndaşları aldadırlar: “Bu sahədə çatışmazlıqlar çoxdur. Hesab edirəm ki, yaxın zamanlarda bizdə də hüquqi maarifləndirmə bu məsələləri aradan qaldırmağa imkan verəcək”.
Fəxriyyə Abdullayeva