Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə türk doktor Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

ABŞ-nin ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini qeyd edən Tramp bildirib ki, bu problemlərlə məşğul olmaq üçün Mehmet Öz ən yaxşı mütəxəssisdir. O, türk doktorun Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına da toxunub.

Qeyd edək ki, ürək-damar cərrahı olan və televiziyalarda çıxışları ilə də tanınan Mehmet Öz Trampın dəstəyi ilə 2022-ci ildə Pensilvaniyadan Senata namizəd olsa da, uğur qazana bilməyib.

Xatırladaq ki, “Medicare” ABŞ-də 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta proqramı, “Medicaid” isə aşağı gəlirli insanları tibbi sığorta ilə təmin edən federal dövlət proqramıdır. 2023-cü ildə “Medicare”nin büdcəsi 848 milyard dollar, “Medicaid”ə ayrılan dövlət vəsati isə 860 milyard dollar olub.