Dünya turu


Yaponiya dünyanın ən cəlbedici turizm bazarlarından biri hesab olunur. Hər il gündoğar ölkəyə milyonlarla turist gəlir. Eyni zamanda Yaponiya əhalisi də səyahətə böyük maraq göstərir, yaponlar dünyada ən çox gəzən, xaricə turist səfərləri edən xalqlardandır.

4000-ə yaxın adada (bunlardan əsasları Hokkaydo, Honsyu, Kyusyu, Sikoku və Ryukyu arxipelaqlarıdır) yerləşən Yaponiya ərazisinin (377,8 min kv km) 80%-i dağlıqdır. Ölkə ərazisində 150-yə yaxın, o cümlədən, fəaliyyətdə olan 40 vulkan var və bu məkanlar da bir çox turistləri cəlb edir.
Yaponiyada insanlarda səyahətə həvəs hələ uşaqlıqdan tərbiyə olunur. Məktəblilər üçün müntəzəm təbiət və dini abidələrə ekskursiyalar təşkil edilir, hər bir kəsə ömründə bir dəfə Fudziyamanı (Yaponiyanın ən yüksək nöqtəsi) görmək nəsib olur. Bunların nəticəsidir ki, ölkədə turizm kütləvi xarakter alıb. Statistikaya görə, yapon ailəsi illik gəlirinin beşdə birini turizmə sərf edir. Hər yaşlı yapon vətəndaşı isə xaricdə azı üç dəfə olub.

Turistləri ən çox cəlb edən şəhərlər

Turistlərin ən çox üz tutduqları şəhər paytaxt Tokiodur. Burada qədim dövrlə ultra müasirlik üzvi şəkildə birləşib. İkinci böyük turizm şəhəri Kiotodur. Bu şəhər ölkənin mühüm sənaye, mədəniyyət, tarix və din mərkəzidir. Burada müxtəlif milli tətbiqi sənət növləri inkişaf edib. Kiotoda turistlər ən çox Botanika muzeyinə, yüzlərlə dini məbədə, parka, qədim saraylara baş çəkirlər. Turistlər üçün qapalı olmasına baxmayaraq, imperatorun villası da böyük maraq doğurur, onun önündə xatirə fotoları çəkdirirlər.
Əcnəbilər həmçinin Tokio və Nara, eləcə də Hokkaydo və Okinavanın qış kurortlarına səyahət edirlər. Nara şəhərində dünyada ağacdan tikilmiş ən böyük bina - Böyük Budda zalı yerləşir. Burada Buddanın möhtəşəm heykəli ucalır.
Turistlərin ziyarət etdiyi digər şəhər atom bombasının qurbanı olan Xirosimadır. Burada müharibələr əleyhinə mövzularda muzeylər, parklar və digər təbliğat obyektləri var.

İstirahətin müxtəlif növlərinin birləşdiyi ölkə

Yaponiyada qarlı dağ zirvələri, şəlalələr, göydələnlər, qədim buddist məbədləri və s. turistlər üçün böyük bir zənginlik təşkil edir. Ölkənin iqlimi də təzadlıdır: palmaların bitdiyi cənubda çox isti, ilin dörd ayı yerdə qarın qaldığı şimalda isə hava çox soyuqdur. Yaponiyanın tarixi sirli əfsanəyə bənzəyir. Burada ən xırdalıqlara qədər əcdadların adət-ənənəsinə riayət olunur. Bununla yanaşı, Tokio dünyanın ən müasir və böyük şəhərlərindən biridir.
Yaponiyada istirahətin müxtəlif növlərini uğurla birləşdirmək olar: heyrətamiz ekskursiyalar, Okinava adasında çimərlik istirahəti, işgüzar turlar, xizəksürmə və termal kurortlar, qədim yapon döyüş sənətini öyrənmək məqsədilə səfərlər.
Hökumət hər bir tarixi abidəyə diqqətlə yanaşır, qoruyub saxlamağa çalışır. Ölkənin simvolu - “Müqəddəs darvaza” və Fudzi dağlarındakı dünyanın ən heyrətamiz vulkanlarından biri - Fudzi vulkanıdır. Eyni zamanda Seto-Ohasi körpüsü də Yaponiyanın simvollarından hesab olunur. Yaponiya dünyaya ən yaxşı mirvari ixrac edən ölkə olduğundan buradakı mirvari fermaları da turistlərin maraq obyektindədir. Elə bu səbəbdəndir ki, hər il yarım milyon turist bu yerlərə səfər edir. Ryukyu arxipelaqı Yaponiyanın əsas dəniz kurortudur. Onun əsas təbii zənginliyi hər rəngdə olan mərcan və qara mirvaridir.
Hokkaydonun inzibati mərkəzi olan Sapporo qış turizmi və zəngin botanika bağları ilə məşhurdur. Osaka şəhəri eyniadlı qala, Sumiyosi sionist məbədi, Budda məbədi və “Yaponiyanın Hollivudu” ilə tanınır.

Yaponiya mətbəxi

Yaponiya mətbəxində düyü, balıq və dəniz yosunu əsas yer tutur. Ən məşhur yeməkləri suşi adlanır və bunun 200-dən çox növü mövcuddur. Hətta Yaponiyada, öküzün "mərmərləşmiş ət"ini də dadmaq mümkündür. Yosun, göbələk, ət və balıq əlavə edilən və “Miso” adlanan milli şorba isə birinci yerdə dayanır.

Turizm siyasəti

Əsasən məşhur sakura ağacının çiçəklədiyi aprel ayında, yay və payız mövsümlərində turistlər Yaponiyaya səfər edirlər. Onların 60-65%-ni Asiya ölkələri (Cənubi Koreya, Tayvan, İndoneziya, Malayziya, Çin və s.), qalanını isə Avropa ölkələri, ABŞ və Avstraliyadan gələnlər təşkil edir. Asiya və ABŞ turistləri ölkəyə əsasən istirahət, avropalılar isə biznes məqsədilə gəlirlər.
Turizmin dövlət idarəçiliyini Turizm siyasəti üzrə Şura və Turizm üzrə sahələrarası koordinasiya Şurası həyata keçirir. Nəqliyyat Nazirliyinin Turizm departamenti də bu sahədə fəal rol oynayır və turist təşkilatlarının fəaliyyətini tənzimləyir.
Qeyd etdiyimiz kimi, gündoğar ölkə ənənələr və müasirlik məkanıdır. Milli ofuro hamamları, aynalı göydələnlər, spa mərkəzləri, qədim darvazalar - bütün bunlar demək olar ki, Şərq mirası ilə Qərbdən əldə edilən dəyərləri bir araya gətirir və bununla Yaponiya dünyanın dörd yanından insanları cəlb edir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar