Sektorun təmsilçiləri AZAL-ın nəzdində azbüdcəli aviaşirkətin yaradılmasını təklif edirlər
Azərbaycanda azbüdcəli aviaşirkətin yaradılmasına ehtiyac var. Bu barədə açıqlama verən Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, bir çox ölkələrdə belə aviaşirkətlərin fəaliyyəti turist axınına böyük təsir göstərir. AZTA sədrinin bildirdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyi «Azərbaycan Hava Yolları»na (AZAL) vətəndaşlara daha ucuz qiymətə uçuşlar təklif edən yeni aviaşirkətin yaradılması ilə bağlı müraciət edəcək: «Aviabiletlərin qiymətinin çox yüksək olması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Bu səbəbdən də turizm təmsilçiləri AZAL-ın nəzdində azbüdcəli aviaşirkətin yaradılmasını təklif edirlər. Belə aviaşirkətlər turizmin inkişaf etdiyi bir çox ölkələrdə rentabelli fəaliyyət göstərirlər. Bizdə yaradılacaq aviaşirkətin Türkiyənin və digər ölkələrin turizm mərkəzlərinə reyslər təşkil etməsi çox effektli olardı».
Qeyd edək ki, azbüdcəli aviaşirkətlər müştərilərə çox münasib qiymətlərlə xidmət təklif edir. Belə şirkətlər ilk dəfə ötən əsrin 80-90-cı illərində ABŞ-da yaradılıb. Rusiyaya hazırda 11 belə aviaşirkət uçuşlar təşkil edir. Bunlar Almaniyanın «Air Berlin», «Germanwings», Böyük Britaniyanın «EasyJet», Macarıstanın «Wizz Air», İspaniyanın «Vueling Airlines», İtaliyanın «Air One», Norveçin «Norwegian», Avstriyanın «Niki», Türkiyənin «Pegasus» və Birləşmiş Ərəb Əmirliklərinin «Air Arabia» və «Flydubai» aviaşirkətləridir. Qeyd edək ki, hazırda Azərbaycana bu aviaşirkətlərdən «Flydubai» və «Wizz Air» uçuşlar həyata keçirir.
Fəxriyyə Abdullayeva