Moskva-Qəbələ-Moskva marşrutu üzrə uçuşlar başlanıb

Rusiyanın «Metrojet» aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. İyulun 24-də axşam saatlarında Qəbələ beynəlxalq hava limanında Moskvadan gələn ilk təyyarənin qarşılanma mərasimi olub. Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, «Metrojet»in baş direktoru Sergey Mordvintsev və başqaları iştirak ediblər.
Məlumat verilib ki, uçuşlar «Airbus-320» avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcək. Moskvadan Qəbələyə aviabiletin qiyməti 69 avrodur. «Metrojet» gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın digər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda «Metrojet» aviaşirkəti «Qlobus» turizm şirkəti ilə birgə Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına turpaketlər təklif edir.
Qəbələdən xarici ölkəyə yeni müntəzəm aviareysin açılmasında əsas məqsəd Qəbələdə, şimal və şimal-şərq rayonlarında turizmin inkişafına təkan vermək, xarici turistləri bölgəyə cəlb etməklə yerli turizmin imkanlarını nümayiş etdirməkdir.
Çıxışlarda qeyd edilib ki, bu günədək Qəbələ beynəlxalq hava limanından Avropanın 20-dən çox ölkəsinə dəfələrlə, Afrika və Amerika qitələrinin hər birinə isə bir dəfə uçuşlar olub. Hazırda hava limanından müntəzəm olaraq Qəbələ-Moskva-Sankt-Peterburq, Moskva-Qəbələ (Rusiyanın «EK.Alyans» aviaşirkəti), Bakı-Qəbələ reysləri həyata keçirilir.
Raftinq mərkəzi tikilir

Qəbələnin Savalan kəndində raftinq mərkəzi tikilir. Bu barədə rayonda 2014-cü ilin I yarısının sosial-iqtisadi yekunlarına dair hesabat iclasında məlumat verilib.
Raftinq kiçik qayıqlarla (raft) dağ çaylarında tətbiq edilən su idman növüdür. Dünyada ekstremal turizm növlərindən biri kimi də tanınan raftinqdə əsas qayda içində olduğunuz qayığı aşırtmadan, kürəklərin köməyi ilə qayaların və maneələrin arasından keçirməkdir. Turizmin inkişaf etdiyi və müvafiq təbii şəraitə malik ölkələrdə raftinq geniş yayılıb. Səyahət həvəskarları arasında bu turizm növünə maraq göstərənlər çoxdur.

Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar