50 illik ömrünün 30-nu səhnədə keçirən aktyorun remarkalı monoloqu

 

Bilmirəm niyə, amma bu yazını məhz monopyes, daha doğrusu, arabir remarkalı monoloq kimi qurmaq istədim. Bu, onun ilk müsahibəsi idi və çox çətinliklə yola gəldi. Deyir “İndi bu yaşında durum özümdən danışım desinlər, Elxan, sənə nə oldu?”. Amma israrla 50 illik ömrünün səhnədə keçən 30-cu baharını payız notlarına kökləmədən heç vaxt oynamadığı benefist tamaşa (yazı) “qurdum”. Qoy, özü ürəyini boşaltsın...

Elxan İsmayılov 24 iyul 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildə indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppasında fəaliyyətə başlayıb, 1997-ci ildən aktyor ştatına keçirilib. Teatrda səhnəyə qoyulan onlarla tamaşada rol alıb. Hazırda bu teatrda aktyor kimi çıxış etməklə yanaşı, Azərbaycan Dövlət Kukla Teatrının truppa müdiridir. Uzun illər Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də çalışıb.

 

Remarka (Səhnədə mərkəzdə bir masa və stul. Masanın üzərində iki qara kitabça. Üzərinə səliqəli xətlə “Rol dəftəri” yazılıb. Qələm, ağ kağız, stolüstü saat və üzərində qeydlər edilmiş təqvim. Bir də gülərüz qız şəkli. Qəhrəmanımızın qızıdır).

 

– Deyirsiniz danış. Danışım e. Amma hardan başlayım bilmirəm. Sizin sorğu-sual yağışınızdan sonra qərara gəldim ki, yadımda nə qalıb, ordan başlayım. Məsələn, səhnə fəaliyyətimin 30 illiyini vurğulamağımı istəyirsiniz. Ay sənə qurban olum, bu vaxt niyə belə tez keçdi. Nə isə, əsas odur keçdi. Asan olmadı. Amma dramatikləşdirməyim. Sonra deyəcəklər 50 yaşında qocalıq sindromu ilə yorucudur. Salamatı yaxşı məqamlardan danışım.

 

(Mavi gözlərini bir nöqtəyə zilləyir. “Təklif olunan vəziyyət”ə uyğunlaşdığını yəqin edəndən sonra gülümsünür. Bir-iki dəfə boğazını arıtlayandan sonra qamətini düzəldərək əllərini poetik əda ilə sinəsində çarpazlayır)

 

– Anadan olmağımın 50, yaradıcılığımın 30 illiyidir. Bu illər ərzində mədəniyyətimizə, teatrımıza xidmət eləmişəm. Teatrdakı sənət dostlarım yubileyimi səhnədə qeyd edib məni təbrik yağışına tutdular. Həmin gün “Arşın mal alan”da Vəlini oynayırdım. Gözəl anlar idi... Allahdan çox şey istəmirəm, elə bir o qədər də səhnədə qalım, bəsimdi.

Sənətə bağlılığım doğulduğum Tovuz rayonunda başlayıb. Orada məktəbi bitirmişəm. O vaxt məktəbdə pioner təşkilatı vardı, onun fəallarından idim. Orada Vahid müəllim, Amaliya xanım vardı. Mənə bu sənətdə xırda nüansları onlar öyrətdilər. Rəqsi çox sevirdim. Sənət təhsilli o müəllimlərim məni aktyor peşəsinə könüldən bağladılar. Sonra rayondakı xalq teatrına getdim. Təhər çıxarmaq (parodiya) mənə xüsusi zövq verirdi. Bu parodiyalarımla rayonumuzda məşhurlaşdım. 1988-ci ildə rayonumuzda Novruz şənliyi keçirildi. Mən də Kosanı oynadım. Rayon ictimaiyyəti məni tanıdı. Valideynlərim çox sevindilər.

 

(Gülür, qarşısındakının da güldüyünü görüb qaşlarını çatır)

 

– İlk böyük rolum Kosa idi. O rolum da, həmin tədbir də indi də yadımdadı. İncəsənət təhsili almağımda, valideynlərimin bu sənəti seçməyimə razılıq verməyində Kosanın rolu var. Hərçənd onlar mənim başqa peşənin arxasınca getməyimi istəyirdilər. Bu həvəskarlığıma da ötəri hiss kimi baxırdılar. Dərslərimi əla oxuyurdum, attestatımda cəmi bir 4 var. Müəllimlərim məni çox sevirdilər.

Bayaq dedim, aktiv yeniyetmə idim. Hər il Bakıya “Qırmızı qərənfil” düşərgəsinə gəlirdim. Aktivliyim tələbə vaxtı daha da artdı. Rəqsə meylim sayəsində “Cücələrim” rəqs ansamblına bağlandım. Böyükağa Məmmədov həyatımda önəmli rol oynadı və 1991-ci ildə ADMİU-ya sənəd verdim. Müsabiqədən keçmədim. Tovuza qayıtdım. Rəsm qalereyasında bərpaçı-rəssam kimi işə götürüldüm. Mədəniyyət evində ştat yox idi, işsiz qalmağıma da könülləri razı olmadı. Bir il orada çalışdım. 1992-ci ildə yenidən sənədlərimi ADMİU-ya verdim, Teatr və kino sənəti fakültəsinin dram teatrı və  kino aktyoru ixtisasına qəbul olundum. Oradakı müəllimlərimi heç vaxt unutmayacam. Onlar  bizi əsl sənət əxlaqı ilə yetişdirdilər. Bunu sayəsində hələ II kursda dekan müavini vəzifəsini icra eləməyə başladım.

 

(Heyrətləndiyimi görüb sevinir, qürurla stula söykənib həmin dövrdə bunun necə qeyri-adi bir iş olduğunu vurğulayır)

 

– Dekanımız rəhmətlik Məmmədşah Atayev idi. O, gedib rektorumuz Timuçin Əfəndiyevlə danışdı və ictimai əsaslarla məni oxuduğum fakültəyə dekan müavini təyin elədilər. Amma Kinematoqrafçılar İttifaqı mənə Həsən Seyidbəyli adına təqaüd təyin etdi. 300 manat pul idi. Tələbə kimi də təqaüd alırdım. Pis deyildi. Əsas odur ki, mən yaxşı müəllimlərdən təhsil alır, universitet mühitinə öyrəşirdim.

 

(Söhbətin şirin yerində ona “Niyə bu qədər zamandan sonra universitetdən ayrıldınız?” sualını verirəm. Sualın yönünü dəyişdi. Özü bildiyi kimi, amma ümumi mizana uyğun davam elədi)

 

– Universitet, dekan müavini kimi çalışmağım kino və teatr sənətimizin nəhəng simaları ilə tanış olmaq, onlarla işləmək imkanı qazandırdı. Yəqin bilirsiniz, o zamanlar onların böyük əksəriyyəti pedaqoji fəaliyyətlə də məşğul idilər. Adları sadalasam, böyük siyahı alınar. Müxtəlif ixtisaslar üzrə tədrisin təşkilində bu insanlardan çox şey öyrəndim. Universiteti əlaçı kimi bitirdim, 1997-ci ildə rəsmi olaraq dekan müavini vəzifəsinə təyin olundum. Artıq maaş alırdım. Həmin dövrdə aspiranturanı da bitirdim. Ora ilə bağlı xatirələrim çoxdur. İndi də keçmiş tələbələrimlə qarşılaşanda sevinirəm. Nə yaxşı ki, universitetdə yollarımız kəsişib deyirəm.

 

(Sonra həyatda olan və olmayan xeyli adları sayır. Hər birini kövrək hisslə, sevgi ilə sıralayır. Sonra tədris prosesindən, diplom tamaşalarından danışır)

 

– Mədəniyyət və İncəsənət Universiteti mənə yaxşı müəllim olmağı, insan olmağı öyrətdi. Yaxşı sənətkarlıq vərdişləri aşıladı. Orada yaşanan illərimə görə heç peşman deyiləm. Əslində, indi də bir növ həm də müəllim kimi işimi davam etdirirəm.

 

(“Elxan müəllim, keçək aktyorluq mərhələsinə” deyib ondan Musiqili Teatrdakı ən seçilən rolunu soruşuram. Müdrikcəsinə “Seçmək də, seçilmək nisbidir” deyib bu dəfə başqa bir obraza girir. O an mənə elə gəlir ki, aktyor üçün rollarından danışmaq necə gözəl andır)

 

– Gəldik Musiqili Teatr (onda Musiqili Komediya Teatrı idi) vaxtıma. Əslində, bura gələnə qədər Pantomima və Yuğ  teatrlarından da işlə bağlı dəvət almışdım. Amma tale elə gətirdi ki, səhnə yolumu bu teatrla davam etdim. 1994-cü ildən burada çalışıram. Üstəlik, rəqs sənətində xüsusi yeri olan rəqqaslardan, baletmeysterlərdən dərslər almışam. O zaman teatrın  direktoru Qəzənfər Topçuyev, bədii rəhbəri Siyavuş Aslan idi. Nəhəng sənətkarların olduğu aktyor truppası da öz yerində. Allah rəhmət eləsin Qəzənfər müəllimə. Unikal direktor idi. O, rejissorlara mənə xırda rollar verməyi məsləhət verdi və beləcə, balet artisti kimi tövsiyə etdi. Müxtəlif səpkili xırda rollar sonradan özümü başqa tamaşalarda da göstərməyim üçün zəmin yaratdı. Budur, sənət yolum artıq 30-cu dayanacağındadı. Dayanacaq dedim, amma dayanmaq, daha doğrusu, ruhdan düşmək, incimək mənə yaddır. Dünyanın ən gözəl duyğusu tamaşaçı ilə üz-üzə dayandığın andır. Mənim üçün belədir. Ən çətin anımda da, pərişan halım olanda da üzümü güldürən, qəlbimə sərinlik səpən ora – səhnədir.

30 il ərzində fərqli rejissorlarla işlədim, öz üzərimdə çalışdım. Zatən başqa yol da yoxdur. Bu sənət, səhnə tələb edir ki, sən daim formada olmalı, prosesin içində, o qazanda qaynamalısan. Əl-ayağın yansa da, dil-dodağın qabar olsa da, tamaşaçı qarşısına ən yüksək səviyyədə çıxmağa qadir və hazır olmalısan... Görənlər görüb, dəyər verir, görməyənlər də özləri bilərlər.

Televiziyada, kinoda da çalışmışam. Özümü aktyorluğun demək olar ki, bütün istiqamətlərində sınamışam. Bir yerdə dayanmamışam. Bir neçə işi görməkdən zövq almışam. Mənim üçün rol seçimi yoxdur və əsas odur ki, aktyor xəmir kimidir, yaxşı rejissorun əlində yaxşı yoğurulur.

Baxın, çalışdığım teatrda 70-ə yaxın fərqli rollarım var. İrili-xırdalı. Hər birini də sevgi ilə, istəyərək oynamışam. Əgər istəməmişəmsə, özümü orada görməmişəmsə, yox deməyi də bacarmışam və bu, özümdə ən sevdiyim cəhətimdir.

 

(Nikbin adam təəssüratı yaradan aktyor fəxri ad, kütləvi populyarlıq, maddi qazanc məsələlərindən də söz açır. Onun fikrincə, aktyor seriala, dublyaja qaçsa da, onların heç biri səhnə qədər qalıcı, təsirli, daimi deyil)

 

– 2015-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında çalışıram. Truppa müdiriyəm. Buradakı aktyorlar çox zəhmətkeşdilər. Özünüz təsəvvür edin də. Bir ömür şırma arxasında keçir və sən tamaşaçı ilə üz-üzə özün kimi yox, hansısa personaj kimi dayanırsan. Enerjini, səsini, nəfəsini, sevgini kuklaya verirsən, onunla ötürürsən.

 

(Diktofonu söndürürəm. İkimiz də dərindən nəfəs alırıq. Güclə eşidiləcək səslə “Yəqin çox mən-mən eləmədim. Ayıbdı e, tələbələrim oxuyacaq. Hələ müəllimlərimi demirəm. Amma neyləməli, “proqon”da düzəldərəm” deyib qımışır. “Proqon yoxdu, premyerada görüşərik” deyib gülürəm. Tövrünü pozmadan “Onsuz da tamaşaçı sonda öz sözünü deyəcək” deyib təzim edirmiş kimi əlini sinəsinə qoyur)

 

Son.

Həmidə Nizamiqızı