Türkiyədən bu statusu alan 5 kənd var
Türkiyənin Antalya vilayəti İbradı rayonunun Ormana kəndi BMT Turizmin (UN-Tourism) 2024-cü il üzrə qiymətləndirməsinə görə “Dünyanın ən yaxşı turizm kəndi” adına layiq görülüb.
Osmanlı mülki memarlığının ən gözəl nümunələrindən olan “düyməli ev”ləri (hörgülər arasında taxtadan istifadə edilib) ilə diqqəti çəkən Ormana Toros dağlarının zirvəsində tarixi və təbii gözəllikləri özündə birləşdirən unikal məkanlardandır.
Təxminən min nəfər əhalisi olan kənd Antalya şəhərindən 110 kilometr məsafədə yerləşir. Burada turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
İbradının bələdiyyə başqanı Hatice Sekmen Ormananın bu ada layiq görülməsinin əhalinin sevincinə səbəb olduğunu deyib. Bildirib ki, kənd bu fəxri titulu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sayəsində qazanıb.
Bildirək ki, Ormana kəndinin tarixi Roma imperiyası dövrünə gedib çıxır. Eradan əvvəl 334-cü ildə bu bölgə Makedoniyalı İskəndər tərəfindən ələ keçirilib. Türklərin Anadoluya gəlişindən sonra Səlcuqlu sultanı Əlaəddin Keyqubad 1226-cı ildə bölgəni fəth edib.
Qeyd edək ki, tarixi ab-havası və təbii gözəllikləri ilə ənənəvi həyatın qorunduğu Ormana Türkiyədən “Dünyanın ən yaxşı turizm kəndi” statusu alan 5-ci yaşayış məntəqəsidir. Bundan əvvəl Şirince, Birgi (İzmir), Mustafapaşa (Nevşehir) və Taraklı (Sakarya) kəndləri bu ada layiq görülüb.
F.Yunisli