Orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici turlar

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ölkənin orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici turlar keçirilir. Avqustun 1-dən sentyabrın 6-dək davam edəcək turlar respublikanın 53 rayon və şəhərinin şagirdləri üçün müəyyən olunmuş qrafik üzrə üç istiqamətdə (Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz) keçiriləcək.
İlkin olaraq avqustun 1-dən 4-dək Lənkərandan olan 40 nəfər şagird Gəncə, Şəmkir və Göygölə, Quba rayonundan 40 nəfər şagird isə İsmayıllı, Qəbələ və Şəkiyə səfər ediblər.


Qədim Nizami yurdunda

Lənkəranlı şagirdlər Gəncənin Heydər Əliyev parkındakı “Zəfər tağı”nın qarşısında qarşılanmadan sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxıblar. Burada keçirilən görüşdə şagirdlər aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Qrupun rəhbəri Asif İmanlı bildirib ki, turun proqramı çox zəngindir. Şagirdlər aksiya zamanı respublikamızın qərb bölgəsini görmək, onun tarixini, mədəniyyətini, müstəqillik illərində əldə edilmiş nailiyyətlərini dərindən öyrənməyə nail olacaqlar.
Avqustun 2-də şagirdlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Onlara şairin həyat və yaradıcılığı, eləcə də məqbərə ətrafında aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Məqbərənin qarşısında ucaldılmış Nizami muzeyi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Şagirdlər Bakı istiqamətindən Gəncəyə girişdə ucaldılmış möhtəşəm qala-muzey kompleksi, habelə Gəncənin mərkəzində Cavad xan türbəsi, XVII əsrə aid Şah Abbas məscidi, çökək hamamla tanış olublar. Sonra Xan bağında istirahət edib, həmyaşıdları ilə maraqlı görüşlər keçiriblər.

Göygölün tarixi və mədəniyyət abidələri ilə tanışlıq

“Ölkəmizi tanıyaq” maarifləndirici aksiyasının iştirakçıları avqustun 3-də Göygöl rayonuna gəliblər. Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Sonra onlara Göygöl şəhərinin tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, 1819-cu ildə Almaniyadan gəlmiş mühacirlər tərəfindən əsası qoyulan şəhər Helenendorf adlanıb. 1930-cu ildə mərkəzi Helenendorf olmaqla rayon statusu alıb, əvvəlcə Nərimanov, sonralar isə Xanlar adlandırılıb. 2008-ci ildə rayona Göygöl adı verilib.
Şagirdlər rayonun görməli yerlərini gəziblər. Ötən il istifadəyə verilən Gənclər Mərkəzində asudə vaxtın səmərəli keçirmələri üçün yaradılan şəraitlə tanış olublar.
1857-ci ildə rayon mərkəzində inşa edilmiş alman lüteran kilsəsi ilə tanışlıq da maraqlı olub. Hazırda kilsədə tarix-diyarşünaslıq muzeyi yerləşir. Sonra şagirdlər Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyinə baş çəkiblər.

Şəmkir qalası qədim tariximizin bir parçasıdır

Avqustun 3-də Şəmkirə gələn məktəblilərin rayonla tanışlığı orta əsr Şəmkir qalasından başlayıb. Şagirdlərə arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi nümunələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Böyük İpək Yolunun üstündə yerləşmiş şəhərin ərazisi təxminən 30 hektar olub. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ərazidə apardığı qazıntılar zamanı məlum olub ki, ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra ərazi çar Rusiyası qoşunlarının hücumuna məruz qalıb. Arxeoloji qazıntılar zamanı çar Rusiyası ordusunun burada yaratdığı hərbi qarnizonun qalıqları aşkar edilib.
Sonra qonaqlar Şəmkir şəhərindəki Gənclər Mərkəzində olublar. Heydər Əliyev Mərkəzi də lənkəranlı məktəblilərdə xoş təəssürat oyadıb. Bayraq muzeyi, abidələr və istiqlal parkları, XIX əsr alman kilsəsi ilə tanışlıqdan sonra Gəncə-Göygöl-Şəmkir marşrutu ilə ekskursiya başa çatıb.

İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə tur Lahıcdan başlanıb

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində avqustun 1-də Quba rayonunun bir qrup məktəblisi İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəlib.
Azərbaycanın nadir tarixi məkanlarından sayılan Lahıcı maraqla gəzən şagirdlər tarixi, maddi-mədəniyyət abidələri, sənətkarların əl işləri, tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar. Bildirilib ki, Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Qəsəbə Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr hündürlükdə, Babadağ və Niyaldağ silsilələrinin əhatəsində yerləşir. 1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda uzun illərin yadigarı olan məhəllə məscidləri, qədim su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur. Ölkə rəhbərliyinin turizmin inkişafına göstərdiyi diqqət sayəsində İsmayıllıya, eləcə də Lahıca turist axını ilbəil artır.

Cənnətməkan diyar

Sonra Qəbələyə gələn məktəblilər rayonun tarix-mədəniyyət abidələri, turizm obyektləri, görməli yerləri ilə tanış olublar. Tarix-Diyarşünaslıq Muzeyində şagirdlərə 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat verilib. Muzeydə 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Qubalı şagirdlər Qəbələ şəhər məscidində də olublar.
Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra məktəblilər “Beltmann” piano fabrikində istehsal prosesi ilə tanış olublar. “Tufandağ” qış-yay turizm kompleksi ilə tanışlıq zamanı şagirdlərə layihənin birinci mərhələsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
Daha sonra Nic qəsəbəsinə gələn şagirdlər burada “Cotari” alban kilsəsinə baş çəkiblər. Bildirilib ki, Qafqazda ən qədim xristian məbədlərindəndir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir.
Qubalı şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” hotelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, bölgənin füsunkar təbiəti ilə tanış olublar. “Qafqaz Yeddi Gözəl” hotelində əyləncəli tədbir keçirilib.

Şəki - qədim tariximizin bənzərsiz məkanı

Şimal-qərb bölgəsinə ekskursiyanın üçüncü günündə iştirakçılar Şəkinin qədim tarixi-memarlıq abidələri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər. Şəki ilə ilk tanışlıq Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlanıb. Şagirdlərin diqqətinə çatdırılıb ki, saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan tikilidə mismardan istifadə olunmayıb.
Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində olublar. Muzeydə 5 minə yaxın eksponat saxlanılır.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. Hər il burada beynəlxalq tədbirlər, festivallar keçirilir.
Aksiya iştirakçıları daha sonra XIX əsrə aid Cümə məscidinə baş çəkiblər. İştirakçılar Fazıl kəndində eramızdan əvvəl II minilliyə aid olan qədim yaşayış məskəni - Təpəbaşı nekropolu, “Əbədi sükut dünyası” labirinti ilə də tanış olublar.
Kiş kəndində yerləşən qədim alban məbədi də şagirdlərin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub.
Bununla da Quba məktəblilərinin İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyası başa çatıb. Şagirdlərin səfərdən xoş təəssüratlarla qayıtdığını bildirən qrup rəhbəri Mehparə Rüstəmova tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.