Dahi bəstəkarın evində anım tədbiri
Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin banisi və Şərqdə ilk operanın müəllifi kimi dünya musiqi tarixinə öz adını qızıl hərflərlə yazdırmış dahi sənətkardır. Onun yaradıcılığı milli və klassik üslubların unikal sintezi ilə yoğurulub, musiqimizin sərhədlərini genişləndirib. Bəstəkar xalqın ruhunu əks etdirən əsərləri ilə Azərbaycan mədəniyyətinin qızıl fondunu yaradıb. Yaradıcılığının zirvəsi sayılan “Koroğlu”, “Leyli və Məcnun” operaları və digər əsərlərinin hər biri musiqi incisidir.
Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın anım gününə (23 noyabr) həsr olunmuş “Sənət və simfoniya: Üzeyir Hacıbəyli incəsənətin əbədi ruhunda” adlı tədbir keçirildi. Tədbir sənətşünas Sədaqət Əliyeva və ev-muzeyin təşkilatçılığı ilə gerçəkləşdi.
Ekspozisiya şöbəsinin müdiri bəstəkar Vəfa Bağırzadə Üzeyir Hacıbəylinin yaradıcılıq yoluna nəzər saldı.
Əməkdar rəssam Taryer Bəşirov tədbirdə çıxış edərək Tahir Salahovun “Üzeyir Hacıbəylinin portreti” əsəri əsasında toxunmuş xalça haqqında məlumat verdi.
Bədii hissədə Hidayət Sadıqzadə “Parafraz” əsərini səsləndirdi. Bəstəkar Aytən Oqtayqızı dahi musiqiçinin xatirəsinə həsr etdiyi “Üzeyir dünyası” romansı və “Dəyərli ömür” pyesini ifa edərək tədbirə rəng qatdı.
Bununla yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova fortepiano üçün “Qarabağ” fantaziyası əsərini ifa etdi.
Sənətşünas Sədaqət Əliyevanın “Üzeyir Hacıbəyli obrazı təsviri incəsənət və xalq yaradıcılığında” mövzusunda məruzəsi dinlənildi.
Sonda muzeyin əməkdaşı, sənətşünas Ləman Həsənova rəssamlar Vəcihə Səmədova və Tahir Salahovun həyat və yaradıcılığı haqqında məlumat verdi.
Xanım Sərvazqızı
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi