Daşkənd İqtisadiyyat və Texnologiyalar Universiteti və Turan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Türkdilli xalqların tarixi, təhsili, mədəniyyəti, dilləri və ictimai-iqtisadi həmkarlıq perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan, ABŞ və s. ölkələrdən alimlərin iştirak etdiyi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.

Konfransın açılışında Daşkənd İqtisadiyyat və Texnologiyalar Universitetinin rektoru Şavkat Mavlamov və Turan Elmlər Akademiyasının prezidenti Haydarbek Bababekov eyni kökə, dilə, adət-ənənəyə, mədəniyyətə malik olan qardaş xalqların inkişafı yolunda Türk dünyasının inteqrasiyasının vacibliyini qeyd ediblər.

Azərbaycanlı alimlər – dosent Sabir Tağıyev, professor Bəxtiyar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına AMM-in əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və digər çıxışçılar Türk dünyasının qədim tarixindən bəhs edib, Azərbaycanda olan qədim türk izləri, türk abidələri haqqında məlumat veriblər.