Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev noyabrın 27-də bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə AMK-nın rektoru təyin edilib.
Xalq artisti, bəstəkar Siyavuş Kərimi 2001-ci ildə AMK fəaliyyətə başlayandan bu ali məktəbin rektoru idi.
Milli Konservatoriya Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə təsis edilib. 10 avqust 2001-ci il tarixdə Prezident Heydər Əliyevin “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncamına əsasən, Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası AMK-nın tərkibinə daxil edilib.
Yeni rektor Kamilə Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri idi. Əməkdar incəsənət xadimi, professor K.Dadaş-zadə 2004–2008-ci illərdə də bu kafedraya rəhbərlik edib.
Milli etnomusiqişünaslığın inkişafında xidmətləri olan alim 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 40-a yaxın elmi məqalə, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyi, proqram və metodiki tövsiyələrin müəllifidir. Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bir müddət Azərbaycan Aşıqlar Birliyində fəaliyyət göstərib.