Bakıda türkoloji konqres
Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun (Özbəkistan) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres işə başlayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 1926-cı ildə Birinci Türkoloji Qurultayın akademiyanın böyük akt zalında keçirildiyini xatırladaraq qeyd edib ki, həmin qurultayın iştirakçıları türkologiyanın əsaslarını yaradıblar. Latın qrafikasında ortaq əlifbaya keçmək haqqında qərarlar məhz burada qəbul olunub.
Birinci Türkoloji Qurultayda iştirak etmiş görkəmli alimlərin repressiya qurbanı olduğunu deyən AMEA rəhbəri onların ideyalarının sönmədiyini diqqətə çatdırıb: “98 il sonra biz burada konfransı keçirərkən iftixar hissi ilə demək istəyirəm ki, bu ilin sentyabrında Bakıda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə 34 hərfdən ibarət latın əlifbası təsdiq edildi”.
İsa Həbibbəyli 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu bildirib: “Biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, ortaq layihələr işləmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir”.
Konqresin materiallarının çap olunduğunu bildirən akademik kitabda Türk dünyasından 100-ə yaxın alimin məqaləsinin yer aldığını söyləyib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda türkologiyaya dair tədqiqatlar aparılır. Türkiyə Elmlər Akademiyasının (TÜBA), TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqresin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Elnarə Akimova, Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA-nın Orta Asiya və Qafqaz şöbəsinin rəhbəri Ali Özgün Öztürk, Çankırı Karatekin Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun direktoru professor Abdulselam Arvas, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay, Qırğızıstan Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva və başqaları çıxış ediblər.
Çıxışlardan sonra qonaqlara Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin repressiya qurbanı, özbəkəsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk tərcümə əlyazmasının AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş cildləri hədiyyə edilib.
Türkoloji konqres işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib. Konqres dekabrın 3-də başa çatıb.