"Fairmont Baku" hotelində təşkil olunacaq tədbirə Azərbaycanın biznes turizmi sahəsində çalışan şirkət və firmaları dəvət edilir

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu sentyabrın 4-də "Fairmont Baku" mehmanxanasında "açıq qapı" tədbiri təşkil edəcək. Büronun ilk dəfə keçirəcəyi bu tədbirə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.

Qeyd edək ki, qurum 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi və biznes turizminin təşviqi məqsədi ilə yaradılıb. Büronun fəaliyyət sahəsinə ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb olunması, Azərbaycanı belə tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim edilməsi, beynəlxalq tədbirlərdə iştirak və s. biznes əhəmiyyətli işlər daxildir.
Büro dünyanın müxtəlif ölkələri ilə, hədəf bazarlarla yaxın əlaqələr yaratmaqda, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı MİCE (biznes turizmi) bazarı iştirakçıları ilə əməkdaşlıq qurmaqda maraqlıdır. Bu istiqamətdə səmərəli əlaqələrin qurulması üçün müxtəlif addımlar atılır. Bu sıraya beynəlxalq konqres və seminarlarda iştirak, hədəf bazarlara satış missiyalarının göndərilməsi, təlimlərin keçirilməsi də aiddir.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. İttifaq ölkənin MİCE (biznes turizmi) bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq. Bu amaldan çıxış edərək, Büro Azərbaycanın biznes turizmi sahəsində çalışan şirkət və firmalarını “açıq qapı” tədbirinə dəvət edir.
Tədbir haqqında əlavə informasiyanı www.azcb.com internet səhifəsinə daxil olaraq əldə etmək, eləcə də info@azcb.com ünvanı vasitəsilə Büro ilə əlaqə saxlayaraq öyrənmək olar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar