Böyük Britaniyanın paytaxtı London dalbadal onuncu dəfə “Resonance Consultancy” nəşri tərəfindən tərtib edilən “Dünyanın ən yaxşı şəhərləri” hesabatında birinci yeri tutub.
İllik qiymətləndirmə əhalisi 1 milyondan çox olan 100 şəhər üzrə üç əsas istiqaməti (yaşayış şəraiti, gözəllik və rifah) əhatə edən 24 amil əsasında aparılır.
Builki hesabatda qeyd olunur ki, Londonun “güclü ruhu və bənzərsiz qlobal cazibəsi” onun reytinqin zirvəsindəki yerini möhkəmləndirib.
Siyahıda ikinci olan Nyu-York iqtisadi gücü və mədəni dirçəlişi ilə fərqlənir. Hesabatda qeyd edilir ki, “rekord səviyyədə daşınmaz əmlak qiymətləri və həm ziyarətçilərin, həm də yeni sakinlərin axını ilə dəstəklənən yeni şoular, hotellər, mədəni məkanlar və transformativ inkişaflar qasırğası” bu şəhərin xüsusi cəhətləridir.
Hesabata görə, reytinqdə 3-cü olan Paris mədəni cazibəsini, inkişaf edən ekosistemini və möhkəm iqtisadiyyatını əks etdirən xüsusiyyəti ilə seçilir.
Dördüncü və beşinci yerlərdə qərarlaşan Tokio və Sinqapur qabaqcıl infrastruktur və innovasiyaları nümayiş etdirərək Asiyanın ən güclü şəhərləri kimi meydana çıxır
Sonrakı yerləri tutan Roma və Madrid tarix və müasirliyin vəhdəti ilə diqqəti cəlb edib. İlk onluğa Barselona, Berlin və Sidney də daxildir.