Arzu Babayev: “Atam deyirdi ki, təfəkkür də, dünyagörüşü də, dünyaya çıxmaq da mütaliədən keçir”
Bu il Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayev; 1924–2007) 100 illik yubileyidir. Bu münasibətlə sentyabrın 9-da Prezident İlham Əliyev görkəmli şair və ictimai xadimin yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustası kimi xarakterizə edilir, onun çoxcəhətli yaradıcılığı boyu insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etdiyi bildirilir.
Altmış ildən artıq həqiqi ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Onun müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.
Filologiya elmləri doktoru Vaqif Yusifli Nəbi Xəzri poeziyası haqqında yazır: “Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək mümkündür. Onun poeziyası son yetmiş beş ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin dünyaya tanınmasında Nəbi Xəzrinin də özünün və əsərlərinin payı var”.
Coğrafiyaşünas-alim, akademik Budaq Budaqov isə Nəbi Xəzrinin poetik təfəkkürünün məğzində qloballığın dayandığını bildirib.
Şair özü isə 1944-cü ildə, 20 yaşında qələmə aldığı bir şeirdə ədəbiyyatda iz qoymaq üçün özünün yaradıcılıq məramnaməsini elan edirdi:
Çalış, Nəbi, gecə-gündüz yarat sən,
Bəd sözləri öz sinəndən yar, at sən.
İnci seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz...
Dekabrın 10-u Nəbi Xəzrinin doğum günüdür. Bu ərəfədə şairin həyat və yaradıcılıq yoluna oğlu Arzu Babayevlə nəzər salmaq istədik.
– Arzu müəllim, atanızın 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam yəqin ki, ailə olaraq hamınızı çox sevindirdi.
– Dövlət başçımız hər zaman sənət adamlarına, qələm sahiblərinə böyük diqqət və qayğı ilə yanaşıb, yüksək qiymət verib. Dövri mətbuatı mütəmadi izləyirəm. Sentyabrın 9-da bacım mənə sərəncamla bağlı xəbər verdi. Ailə olaraq çox böyük sevinclə qarşıladıq. Hətta mənə zəng edib təbrik edənlər də oldu. Bir daha fürsətdən istifadə edib dövlət başçımız İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyev də atamın yaradıcılığına hər zaman yüksək qiymət verib.
– Nəbi Xəzrinin çap edilməyən ədəbi nümunələri varmı və onları ictimaiyyətə təqdim etməyi düşünürsünüzmü?
– 2014-cü ildə son kitab çap olunandan sonra bir neçə şeirini də aşkar etdik. Ötən il “Qanun” nəşriyyatı Nəbi Xəzrinin seçilmiş şeirlərini çap etdi. Aşkar olunan şeirləri, yəqin ki, növbəti kitabda yer alacaq.
– İndi isə atanızla bağlı xatirələrə yol alaq...
– Mən həmişə onun ruhu qarşısında baş əyirəm. Mətbuata dəfələrlə müsahibə vermişəm və yenə də təkrarən demək istərdim ki, cəmiyyətin normal üzvü kimi yetişməyimdə onun verdiyi tərbiyənin rolu misilsizdir. O, əsl şair olduğu kimi, həm də əsl ata idi. Bizim evdə şair Nəbi Xəzri və bir də ata Nəbi Xəzri var idi. Atalığı da şeirləri kimi poetik idi. Verdiyi tərbiyədən böyük nəticələr çıxarmışam. Bəzən sərt olurdu, bəzən mülayim, bəzən də söhbəti izah edərək işləri yoluna qoyurdu. Çalışırdıq evdə elə edək ki, onun sərt üzünü görməyək. O bizi həmişə sanki öz poeziyası ilə tərbiyə edərdi. Çünki hər zaman başına yığıb ilk şeirlərini bizə oxuyardı. Poeziyasındakı zəriflik və həzinlik sanki ruhumuza da hopub, bizi formalaşdırıb. Bizi şair təbiətli böyüdüb.
– Şair təbiətli demişkən, Nəbi müəllimin həyata baxışı necə idi?
– Atam azərbaycançılığa və mentalitetimizə bağlı idi. Yenə qayıdıram bizə verdiyi tərbiyəyə. Onun ailədə qoyduğu qaydalar var idi. Həm müasir, həm də keçmişimizə bağlı, adət-ənənələrimizi yerinə yetirən və bizi də bu dəyərlərə sadiqliyə çağıran insan idi. Yəni milli köklərə çox bağlı idi.
– O həm də ictimai xadim idi. Yazıçılıq, ailə, ictimai fəaliyyət. Ailəsinə vaxt ayıra bilirdimi?
– Şənbə-bazar günü o bütünlüklə qələmə sarılırdı. Həmin günlər bizi atasının evinə, Xırdalana aparırdı və yeni şeirlərini oxuyurdu. Həmişə dövlət işində çalışıb. İşlərini çatdırırdı. Anam ona böyük dəstək olub. 1989-cu ildə anamı itirəndən sonra böyük sarsıntı keçirdi. Anamın o vaxt 57, atamın 65 yaşı var idi. Bu, atam üçün faciə idi. O, “Qadınsız ev” şeirində bu ağır itkini ifadə edib:
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev – tufandakı gəmidir,
O nə batır, nə limana yetişir...
Atam ömrünün ondan sonrakı 17 ilini çox əzabla yaşadı. Biz onu nə qədər ovundururduqsa, olmurdu. Həyat şəraiti çox rahat idi, amma buna baxmayaraq bizə deyirdi ki, heç kim Gülarəni əvəz edə bilməz. O, anama “Qəm dəftəri” adlı bir kitab həsr etdi. Orada yer alan şeirləri qüssəsiz oxumaq olmur. Anam ona dayaq idi. Bizim tərbiyəmizdə də ona dəstək idi. Evdar qadın olsa da, dünyagörüşü geniş idi. Bəlkə minə yaxın kitab oxumuşdu. Atamla hətta yaradıcı söhbətlər edir, Balzakın, Cek Londonun əsərlərini, dövri mətbuatı müzakirə edirdilər. Onların həm yaradıcı, həm də ailə-məişət söhbətlərində hər zaman bir harmoniya olurdu.
– Atanız heç öz keçmişi barədə sizlərə danışırdı?
– Doqquz yaşı olanda atasını itirmişdi. Üç qardaşı rəhmətə getmişdi. Atam ailənin sonbeşiyi olub. Bacıları atam hələ kiçik yaşlarında olanda ailə qurmuşdu. Bir bacısı iki ayın gəlini olanda həyat yoldaşı müharibəyə getmiş və qayıtmamışdı. Övladı da yox idi. O bibim heç vaxt ailə qurmadı, ölən gününə qədər həyat yoldaşının yolunu gözlədi. Atam ona “Bacım” poeması həsr edib. Atam “Ana”, “Bacı” və “Ömür yoldaşı” adlı trilogiya yazıb. Atam qədər anasını sevən ikinci bir şəxs görməmişdim. Nənəm 1969-cu ildə rəhmətə gedib. O vaxt yeddi yaşım var idi. İndiyə kimi atamın nənəmin başına pərvanə kimi dolanmağı yadımdadır. Mən bəlkə də anaya olan sevgini atamdan öyrəndim. Nənəm də çox qürurlu, bacarıqlı və mərd qadın olub. Babam imkanlı olub. Buna baxmayaraq babamın qəfil ölümü onu çaşqın etməyib. O, əziyyətdən çəkinməyib, xalça toxuyub satmaqla atamı Leninqrada və Moskvaya oxumağa yollayıb.
– Ədəbiyyatşünaslar Nəbi Xəzrini lirik-fəlsəfi poemalar ustası adlandırırlar. Bayaq adlarını çəkdiyiniz, “Ana”, “Bacı”, “Ömür yoldaşı” poemaları da ümumilikdə Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər kimi səciyyələndirilir...
– Bəli. Atam 9 yaşında öz atasını itirəndə nənəm ona əsl dayaq olub. Onu oxutdurub. Özü də atama bir tapşırıq vermişdi. Demişdi ki, oxumağa tək gedirsən, tək də gəlirsən. Atam da ona “baş üstə, mömə” demişdi. Bakılılar anaya bəzən belə müraciət edirlər. Atam 1946-cı ildə Bakı Dövlət Universitetinə qəbul olunur, bir il oxuduqdan sonra Leninqrad Dövlət Universitetində təhsilini davam etdirir. 1949–1952-ci illərdə isə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyur. Orada təhsil aldığı zaman tanınmış şair-yazıçılarla dostluğu başlayır. Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Sergey Vasilyev və Yeqor İsayev vaxtilə bizim evin qonaqları olublar. Atamın rus dilində 15 kitabı çap olunub. Həmin dövrün şairləri sırasında rus dilində ən çox nəşr olunan Nəbi Xəzri idi.
– Bu istedad haradan gəlmişdi? Nəsildə yazar, yaxud sənət adamı olmuşdu?
– Bibim bir dəfə demişdi ki, ulu babamız sinədəftər olub. O vaxt elə deyirdilər. Bədahətən şeir deyib, hekayə söyləyib. Yəqin gendən gəlib.
– Dostlarından danışdınız. Onların arasında ən yaxınları kim idi?
– Ən yaxın dostları Cabir Novruz və Qabil idi. Bir də Bakı Slavyan Universitetinin müəllimi var idi – Şükür Xanlarov. O sanki atamın mənəvi qardaşı idi. Bir də axı onlar 4 bacanaq idilər: Nəbi Xəzri, şair Məstan Günər, yazıçı İsa Muğanna, ədəbiyyatşünas Cəlal Abdullayev. Bir-birinin evinə doğma adamlar kimi gəlib-gedirdilər, yaradıcı söhbətləri çox olurdu. Şükür Xanlarov atamdan tez rəhmətə getsə də, atamın çətin anlarında həmişə yanında olmuşdu.
– Atanız ömrünün son dövrlərində nə yazırdı?
– Lirik və fəlsəfi şeirlər qələmə alırdı. Atam həmişə lirika və təbiət şeirləri yazıb. Onun “Dərələr” şeiri sanki təbiət tablosudur. Maraqlıdır ki, o, ölümü sanki bütün yaş dövrlərində xatırlayıb. 30 yaşında yazdığı “Naçar gedər” şeirinə Bəhram Nəsibov mahnı bəstələyib: “Şair Nəbi son nəfəsdə bu torpağı qucar gedər”. Ölümünə 15 gün qalmış bizi yığdı başına, gənc vaxtı yazdığı şeirləri oxudu və ağladı. Bəlkə də hiss etmişdi ki, ömrünün son günləridir. Ömrünün son beş ilini biz atamla dost və qardaş kimi idik.
– Ən çox harada istirahət edirdi?
– Deyirdi ki, mən bütün dünyanı gəzmişəm. Hər bir təbiəti görmüşəm. Amma bunların heç biri mənə Bakının dəniz və qumunu əvəz edə bilməz. Atam bağda əkin edərdi və mənə də işlər gördürərdi. Məni ərköyün böyütmürdü. Çalışırdı zəhmətə öyrətsin. Buna görə də ona hədsiz minnətdaram.
– İlk əmək fəaliyyətinə radioda başlamısınız. Nəbi müəllim peşə seçiminizə müdaxilə etdimi?
– Xeyr, o mənə heç bir qadağa qoymurdu. İki ali təhsil almışam: şərqşünaslıq və hüquq. 22 yaşımda təyinatla Azərbaycan Radiosuna gəldim. Beş il işləyəndən sonra sənədlərimi daxili işlər orqanlarına verdim. 32 il polis zabiti olmuşam.
– Şair oğlu üçün bu sahə çətin deyildi ki?
– (gülür) Şair təbiətli polislərimiz azdır.
– Atanızın ədəbi düşüncələri maraqlıdır. Ən çox kimləri oxuyardı?
– Əliağa Vahidə böyük sevgisi var idi. Cəfər Cabbarlını əzbər bilirdi. Dünya klassiklərinin, demək olar ki, hamısını mütaliə etmişdi. Eyni zamanda gəncləri də oxuyub məsləhətlərini əsirgəmirdi. Atam deyirdi ki, bütün təfəkkür də, dünyagörüşü də, dünyaya çıxmaq da mütaliədən gəlib keçir.
– Nəbi Xəzrinin 100 illik yubileyi ilə bağlı nə kimi işlər görülür?
– Möhtərəm Prezidentimizin bununla bağlı sərəncamı var. Yazıçılar Birliyi də yubileylə bağlı təklifini Mədəniyyət Nazirliyinə təqdim edib, yəqin ki, yaxın vaxtlarda tədbirlə bağlı mətbuata açıqlama veriləcək. Çox istərdim ki, “Dan ulduzu” ansamblı bu tədbirdə iştirak etsin. Atamın sözlərinə 200-dən çox mahnı yazılıb. Onlardan 130-dan çoxu fonddadır. Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə atamın yubileyinə kitab hazırlayır – “Musiqiyə bələnmiş misralar”. Onunla araşdırma apardıq. Bu kitab üçün bəzi şeirlərin əlyazmasını tapmırdıq. “Mən zəfərlə gələcəyəm” mahnısı var, onun mətnini Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindən tapdıq. Bu mahnının musiqisini görkəmli bəstəkarımız Şəfiqə Axundovanın oğlu rəhmətlik Taleh Hacıyev yazıb.
– Maraqlı söhbətə görə təşəkkür edirəm.
– Mən də diqqətinizə görə minnətdaram, “Mədəniyyət” qəzetinin redaksiya heyətinə uğurlar arzulayıram.
Lalə Azəri